Paralimpiyaçılarımız Rioya yola düşdü – FOTO

Paralimpiyaçılarımız Rioya yola düşdü – FOTO

Azərbaycanın paralimpiya yığması və nümayəndə heyəti sentyabrın 7-dən sentyabrın 18-dək Rio-de-Janeyroda keçiriləcək XV Yay Paralimpiya Oyunlarında iştirak etmək üçün Braziliyaya yola düşüblər.

Oxu.Az Trend-ə istinadən bildirir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil edilən yolasalma mərasimdə Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Komitənin rəsmiləri, idman ictimaiyyəti, idmansevərlər və KİV nümayəndələri iştirak ediblər.

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov idmançılarımızın bu yarışa ciddi hazırlaşdıqlarını deyib, idmançılarımızın potensialından danışıb və Azərbaycanın “Rio-2016”-da güclü heyətlə təmsil olunacağını deyib.

Ümumilikdə Rio-de-Janeyroya 27 idmançımız yola düşüb. İdmanın 6 - cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma növü üzrə mübarizəyə qoşulacaq paralimpiyaçılarımızın 6-sı qadın atletdir. Lisenziyaların sayı isə 44-dür. Bu göstərici “London-2012” ilə müqayisədə 6 idmançı və 8 lisenziya çoxdur.

Paralimpiya Kəndində Azərbaycanın bayrağı sentyabrın 5-də qaldırılacaq. Açılış mərasimində üçrəngli bayrağımızı ikiqat Paralimpiya çempionu, “Bakı-2015” ilk Avropa Oyunlarının qalibi və yığmanın kapitanı İlham Zəkiyev aparacaq. Açılış üçün sürpriz də hazırlanıb.

Qeyd edək ki, son 4 il ərzində paralimpiyaçılarımız 161 medal qazanıblar - 64 qızıl, 57 gümüş, 40 bürünc.

0
28