Rusiyada azərbaycanlı rüşvətə görə həbs olunub

Rusiyada azərbaycanlı rüşvətə görə həbs olunub

Rusiyanın Kalininqrad vilayətinin Quryevski rayonunda Azərbaycan vətəndaşı polis məmuruna rüşvət verməyə cəhd etdiyi üçün həbs cəzasına məhkum edilib.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın Quryevski rayon məhkəməsinin mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, o, Rusiya ərazisində qanunsuz şəkildə yaşayıb. 2016-cı il may ayının 24-də sahə polis müvəkkili həmin şəxsi inzibati qanun pozuntusuna görə protokol tərtib etmək və məsuliyyətə cəlb etmək üçün polis bölməsinə dəvət edib.

Azərbaycan vətəndaşı da cəzadan qaçmaq üçün sahə polis müvəkkilləri və yetkinlik yaşına çatmayanlarla iş üzrə şöbənin rəisinə əvvəlcədən vəd verdiyi rüşvətin bir hissəsini - 5000 rubl (125 AZN) verib. Əvvəlcədən razılaşdırılmış rüşvətin məbləği isə 50000 rubl (1250 AZN) olmalı idi.

Polis əməkdaşı ona verilən bu pulu götürməkdən imtina edib. Rüşvəti təqdim edən qanunsuz miqrant saxlanılıb, pullar müsadirə olunub.

Azərbaycan vətəndaşı 4 ay müddətinə azadlıqdan məhrum edilib və o, cəzasını ümumi rejimli cəzaçəkmə koloniyasında çəkəcək.

N.O.

0
8