Bu gün Leonardo da Vinçinin doğum günüdür – FOTO

Bu gün Leonardo da Vinçinin doğum günüdür – FOTO

Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

Bu gün Avropa İntibah dövründə yaşamış ensiklopedik alim, riyaziyyatçı, mühəndis, ixtiraçı, rəssam, heykəltaraş, memar, musiqiçi və yazıçı, İtaliya İntibahının rəmzi sayılan “Universal İnsan” (Homo Universale) tipinin ən parlaq nümayəndəsi Leonardo di ser Pyero da Vinçinin doğum günüdür.

Oxu.Az xəbər verir ki, o, ikinci minilliyin adamı seçilib. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

Leonardo 15 aprel 1452-ci ildə Mediçilərin rəhbərlik etdiyi Florensiya Respublikasının ərazisində, Arno çayı vadisindəki Vinçi şəhəri yaxınlığında Ankiano kəndində Messer Pyero (1427-1504) adlı notariusun və Katerina adlı sadə kəndlinin (kanadalı alim Luis buf Perri tərəfindən irəli atilmiş versiyaya görə azərbaycanlı) övladı olaraq dünyaya göz açıb. 

1466-cı ildə, 14 yaşında ikən Leonardo Verokkio adı ilə tanınan rəssam Andrea di Çionenin “Florensiyada ən yaxşı sayılan” emalatxanasında şagirdliyə başlayıb.

O, təkcə humanitar biliklərə yiyələnməyib, həmçinin rəsmxət, kimya, metallurgiya, metalla, gipslə və dəri ilə işləmə, mexanika və dülgərlik kimi bəzi texniki bacarıqlar əldə edib, rəsm və heykəltəraşlıqla məşğul olub.

Emalatxanada Leonardodan başqa Perucino, Lorenso di Kredi, Anyolo di Polo da təhsil alır, Bottiçelli işləyir, oraya tez-tez Girlandayo kimi məşhurlar gəlirdi.

1472-cü ildə 20 yaşlı Leonardo da Vinçi rəssam və həkimlərin gildiyası sayılan Müqəddəs Luka gildiyasında usta təsnifatını əldə edib.

Leonardonun məlum olan ən erkən işi Arno vadisinin qələm və mürəkkəblə yaradılmış təsviridir. İş 5 avqust 1473-cü ilə aiddir.

İntibah rəssamlarının bioqrafı Vazarinin iddiasına görə, şagirdinin özündən daha güclü olduğunu görən Verokkio fırçasını yerə qoyub və bir daha rəssamlıqla məşğul olmayıb.

Ömrünün ilkin illərində Florensiyada yaşayıb yaradan Leonardo da Vinçi sonralar ayrı-ayrı hökmdarların sarayalarında yaşayaraq möhtəşəm ixtiralar irəli sürür. 1516-cl ildə Fransa kralı I Fransiskdən dəvət alır və Fransaya köçərək ömürünün sonuna qədər burada yaşayıb yaradır.

Leonardo da Vinçinin rəsm əsərlərindən ən məşhurları təkrarolunmaz “Mona Liza” portreti və “Sonuncu Şam yeməyi” əsəridir.

Deyilənə görə, rəssamın müsəlman anasının vətəni Cənubi Qafqaz dağları və Xəzər dənizi arasında yerləşən Azərbaycandır. Bu barədə Kanadanın “National Library and Archives”də Azərbaycan və Türkiyə səfirliklərinin birgə təşkil etdikləri mühazirə zamanı məlumat verilib.

Leonardo da Vinçinin anası “Katerina” adlı sadə kəndli qadın olub. Bu ad həmin dövrdə Asiyadan gətirilən və Konstantinopolda (indiki İstanbul) satılan qullara verilən ümumi ad olub. Atası Piero Fruosina isə notariusda çalışıb.

Rəssamın insan kimi qəribəlikləri də çox olub. O, bazarı gəzir, qazancı çox olmasa da, quş satılan yerlərdə quşları qəfəsdən çıxarar, pulunu ödəyib azad edərdi. Gündə hər saatda on beş dəqiqə olmaqla yatarmış. Yazı tərzi də fərqli imiş. Solaxay olan Leonardo sağdan sola, çox vaxt tərsinə yazırmış və yazdıqlarını yalnız güzgüdə oxumaq mümkün imiş. Bəziləri bunu mürtədlikdə ittiham olunmaqdan qorunmaq, bəziləri ixtiralarının sirrini saxlamaq üçün etdiyini yazır. Sonralar bu manuskriptləri oxumağa müxtəlif alimlər on illər sərf ediblər.

Leonardo ömrünün qürub çağlarını Fransada keçirib. 1516-cı ildə böyük rəssam kral 1-ci Fransisk tərəfindən Fransaya dəvət olunur. Ona kralın baş rəssamı, arxitektoru və mexaniki vəzifəsi təklif olunur. Şahidlərin dediklərinə əsəasən, o, sarayda müşavir və məsləhətçi kimi fəaliyyət göstərir. İxtiralarını yenə davam etdirirmiş.

Vazari yazır ki, da Vinçi xəstə olanda kral ona tez-tez baş çəkirmiş. Bir dəfə o bayılır və Fransisik onu qaldırıb başını dizinin üstünə qoyur. Elə həmin anda da böyük rəssam canını tapşırır. Bu, 2 may 1519-cu ildə Fransanın Turen şəhərindəki Klu qəsrində baş verib.

Rəssamın indiki dövrdə də tələbata ehtiyacı olan ixtiraları da olub. Aşağıdakıların Leonardo da Vinçi tərəfindən ixtira edildiyi hesab edilir:

Paraşüt
Velosiped
Tank
Ordu üçün tez qurulan körpü
Projektor
Katapult
Robot

Rəssamın bir neçə məşhur əsərini təqdim edirik:

Mona Liza

Sonuncu şam yeməyi

Sonuncu şam yeməyi əsərində İsanın başının təsvirinin qaralaması

Tank layihəsi

0
21