Bakıda Şahmat Olimpiadası başlayır

Bakıda Şahmat Olimpiadası başlayır

Bu gün Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadası start götürəcək. Milli Gimnastika Arenasında təşkil olunacaq tədbir saat 19:00-da başlayacaq.

Oxu.Az AzerTac-a istinadən xəbər verir ki, Olimpiadada iştirak etmək üçün 176 ölkə qeydiyyatdan keçib. Ümumilikdə 181 kişi və 142 qadın komandası mübarizə aparacaq.

Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstərici sayılır. On bir turdan ibarət yarışlar sentyabrın 13-də yekunlaşacaq. Azərbaycan Olimpiadada üç kişi və üç qadın komandası ilə təmsil olunacaq.

Qeyd edək ki, sentyabrın 1-dən 14-dək Bakıda keçiriləcək 42-ci Dünya Şahmat Olimpiadası çərçivəsində “Kristal Hall”da Rusiyanın Şahmat Muzeyi tərəfindən sərgi də təşkil olunacaq.

Sərgidə hind çaturanqa, İran satranc oyunları üçün dəst, Luis adasında morj dişindən düzəldilən şahmat dəsti, Kral I Çarlz üçün fil sümüyündən hazırlanan orta əsrlərə aid şahmat dəsti, buryat şahmat dəsti və digər çoxsaylı eksponatlar nümayiş etdiriləcək.

0
11