“Beynəlxalq Bankın işi”: Kredit istəyəndə, adıma 1,2 milyon kredit olduğu deyildi

“Beynəlxalq Bankın işi”: Kredit istəyəndə, adıma 1,2 milyon kredit olduğu deyildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən C.Hacıyevin vəkili Fəxrəddin Mehdiyev bir neçə vəsatətlə çıxış edib.

O, Beynəlxalq Bankın girovla bağlı sazişlərinin məhkəməyə təqdim edilməsini istəyib. Vəkil qeyd edib ki, bankla bağlı 2008-2014-cü illərdə Vergilər Nazirliyində cinayət işi açılıb, yoxlamalar aparılıb ki, həmin yoxlamalarla bağlı sənədlər də məhkəməyə təqdim edilməlidir.

Vəkil, eyni zamanda 2013-2015-ci illərdə maliyyə hesabatları və beynəlxalq audit təşkilatlarının bankla bağlı verdiyi rəylərin məhkəməyə təqdim olunması haqqında vəsatət verib. F.Mehdiyev bankla “Aqrarkredit” QSC arasında imzalanmış çoxtərəfli sazişlərin də məhkəmə tərəfindən araşdırılmasını istəyib.

Hakim vəsatətlərə şahidlərin dindirilməsindən sonra baxılacağını deyib.

Sonra məhkəmədə şahidlər ifadə verib.

“İnter Tekstil” şirkətinin əməkdaşı Zahid Bağırov ifadəsində bildirib ki, rəhbərliyin tapşırığı ilə Beynəlxalq Bankın baş ofisinə gedib və kreditlə bağlı sənədlərə qol çəkib:

“Adıma götürülən kreditin isə hara xərcləndiyindən xəbərimiz yoxdur. Tapşırığı mənə Şakir Xəlilov verib”.

Samir Əliyev ifadəsində təqsirləndirilən Azad Cavadovun bacanağı olduğunu, onun şirkətində çalışdığını deyib. O qeyd edib ki, 2011-ci ildə A.Cavadovun tapşırığı ilə banka gedərək 780 min 700 manatlıq kreditlə bağlı sənədə qol çəkib.

Dövlət ittihamçısı Fərid Nağıyev xatırladıb ki, kredit müqaviləsində kreditin təyinatı mənzil təmiri üçün göstərilib. S.Əliyev isə bundan xəbəri olmadığını, həmin məbləğin müəssisənin borclarının ödənilməsi üçün alındığını deyib.

Prokuror qeyd edib ki, həmin kredit üzrə 708 min əsas, 92 min manat isə faiz borcu var.

A.Cavadovun dostu Emin Nəbiyev ifadəsində deyib ki, A.Cavadovun tapşırığı ilə adına 700 min manat kredit götürülüb. Şahid kreditin hansı məqsədlə götürüldüyündən xəbərsiz olduğunu deyib.

Prokuror isə həmin pulun Lənkəranda istirahət mərkəzinin tikilməsi üçün alındığını qeyd edib.

A.Cavadovun digər dostu Rasim Mehdiyev də ifadəsində bildirib ki, Bakı Fındıq Emalı Zavodunun maliyyə problemlərinin həlli üçün 750 min manatlıq kreditə qol çəkib:

“Azad müəllimin göstərişi ilə bankın Sabunçu filialına getdim, kreditlə bağlı sənədə qol çəkdim”.

Prokuror isə deyib ki, həmin kredit Qubanın Qəçrəş kəndində istirahət zonasının yaradılması məqsədi ilə götürülüb:

“Kredit müqaviləsində şərt belə göstərilib. Həmin kredit üzrə 677 min əsas, 53 min manat isə faiz borcu var”.

A.Cavadovun keçmiş həyat yoldaşı Nailə Həsənova ifadəsində deyib ki, 2011-ci ildə Azad Cavadov ona zəng edərək bankın Nərimanov filialına getməsini və 750 min manatlıq kredit götürməsini xahiş edib:

“Mən də onun tapşırığına əməl etdim. Sonralar bu kreditlə bağlı heç kim mənə bir söz demədi”.

“İnter Security” şirkətinin baş direktorunun müavini Şakir Məmmədov qeyd edib ki, 2014-cü ildə şirkətin mühafizəçiləri kredit götürən zaman problemlə üzləşdiklərini deyiblər:

“Mənə dedilər ki, öz işləri ilə bağlı baklardan kredit götürək istəyərkən adlarına külli miqdarda kredit borcu olduğunu öyrəniblər. Mən də bu barədə direktorumuz İbrahim müəllimə məlumat verdim. O isə məsələnin artıq həll olunduğunu dedi”.

Şirkətin digər direktor müavini Valid Abdullayev qeyd edib ki, mühafizəçilər onun tərəfindən İbrahim Hüseynovun göstərişi ilə banklara kredit götürmək üçün göndərilib.

Şirkətin əməkdaşı Rahib Hacıyev də deyib ki, onun adına 440 min manat kredit götürülüb, ancaq 2013-cü ildən kredit tam ödənilib.

Şirkətin digər əməkdaşı Emil Nəsibov isə bildirib ki, kredit müqaviləsinə qol çəkməsindən xəbəri olmayıb:

“Necə tapşırıq veriblərsə, elə də etmişəm. Banka gedib, sənədə qol çəkmişəm. Ancaq bunun nə ilə bağlı olduğunu araşdırmamışam. Bir gün bankdan 4 min manat kredit götürmək istəyirdim ki, öyrəndim ki, adıma 1 milyon 250 min manat kredit var”.

Hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə bankın Nərimanov filialının sabiq xəzinədarı İradə Cəfərova ifadə verib.

O qeyd edib ki, şirkətin əməkdaşları kredit müqaviləsini imzalayandan sonra pulları baş idarədən alıblar.

Bankın Nərimanov filialının marketinq müdiri Qalib Rzayev qeyd edib ki, filial 8 kredit götürülməsinə razılıq verib və bankın əməkdaşları sənədlərə qol çəkiblər.

Proses sentyabrın 2-də davam etdiriləcək.

Qeyd edək ki, C.Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abduallayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

0
15