Ramil Usubov: FETÖ-nün Azərbaycanda təşkilatlanmasına qarşı lazımi addımlar atılacaq

Ramil Usubov: FETÖ-nün Azərbaycanda təşkilatlanmasına qarşı lazımi addımlar atılacaq

Bu gün Azərbaycanın daxili işlər naziri Ramil Usubov Türkiyəyə səfər edib.

Oxu.Az xəbər verir ki, APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, R.Usubov Ankarada Türkiyənin daxili işlər naziri Əfqan Ala ilə görüşüb.

Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər. Ə.Ala deyib ki, iki ölkənin Daxili İşlər nazirlikləri arasında münasibətlərdə terrorla mübarizə əsas məsələdir və hər cür terror təşkilatlarına qarşı təsirli birgə əməkdaşlıq var.

O bildirib ki, Fətullahçı Terror Təşkilatının (FETÖ) Türkiyə və Azərbaycanda fəaliyyətlərinə son qoyulması, kökünün qazınması istiqamətində də təsirli əməkdaşlıq davam etməkdədir:

“Bundan sonra da məlumat və kəşfiyyat bilgilərinin mübadiləsi, görüləcək tədbirlər məsələsində tam fikir birliyində olacağıq”.

Nazir R.Usubov isə Türkiyədə baş vermiş hərbi çevriliş cəhdindən sonra atılan və atılacaq addımların müzakirəsi üçün Türkiyədə olduğunu nəzərə çatdırıb:

“FETÖ-nün Azərbaycanda təşkilatlanmasına qarşı bundan sonra da lazımi addımlar atılacaq. Bu, həm də Azərbaycana qarşı yönəlmiş bir cinayətdir.

Bundan sonra problemlərin aradan qaldırılması üçün üzərimizə düşən nə varsa, ən yüksək səviyyədə yerinə yetirəcəyik. Bu hərbi çevriliş cəhdi zamanı şəhid olmuş Türkiyə vətəndaşlarına Allahdan rəhmət, yaralılara şəfa diləyirəm”.

0
11