Referendumqabağı KİV-lər məlumatlandırıldı – FOTO

Referendumqabağı KİV-lər məlumatlandırıldı – FOTO

“Referendumqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” mövzusunda seminar-müşavirə keçirilib.

Bu gün Bakıda Prezident Administrasiyasının, Mərkəzi Seçki Komissiyasının (MSK) və Mətbuat Şurasının birgə təşkilatçılığı “Referendumqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” mövzusunda seminar-müşavirə keçirilib.

Oxu.Az xəbər verir ki, KİV rəhbərlərinin də iştirak etdiyi tədbirdə çıxış edən MSK sədri Məzahir Pənahov sentyabrın 26-na təyin olunmuş referendumla bağlı MSK-nın Təqvim Planının hazırlandığını bildirib.

Onun sözlərinə görə, referendumda əsas tərəflərdən biri KİV nümayəndələridir. Çünki bu tədbirlərdə bütün referendum subyektləri arasında əsas rol KİV-in üzərinə düşür. Bütün ölkəmiqyaslı tədbirlərin yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasında medianı əvəz edəcək digər bir vasitə yoxdur. Bu baxımdan bugünkü tədbirə xüsusi əhəmiyyət veririk.

“Seçkilərdə ən əsas tərəflərdən biri kütləvi informasiya vasitələridir, çünki ölkə miqyasında keçirilən tədbirlərin məğzi ondan ibarətdir ki, bunlar ictimaiyyətə çatdırılsın. Yəni, Mərkəzi Seçki Komissiyasının tərəf müqabili mediadır. Biz buna xüsusi diqqət yetiririk”.

Tədbirdə çıxış edən Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, müstəqillik illərində ölkəmiz seçki və referendumların keçirilməsində böyük təcrübə qazanıb. Referendum Aktı layihəsi barədə məlumat verən Əli Həsənov deyib ki, dünyanın hər bir ölkəsində Konstitusiya zamanı gəldikdə dəyişikliklərə məruz qalır. İstər aparıcı Qərb dövlətlərinin, istərsə də qonşu ölkələrin təcrübələri bu dəyişikliklərin həm zəruri, həm də faydalı olduğunu göstərir. Referendum Aktı layihəsində təklif olunan dəyişikliklər, ilk növbədə, ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatında aparılan islahatların nəticəsidir.

“25 illik müstəqillik dövründə Azərbaycanda zəngin seçki təcrübəsi formalaşıb. Seçki və referendumların keçirilməsinə bilavasitə məsul olan MSK özünü təsdiqləmiş qurum kimi formalaşıb”, – deyən Prezidentin köməkçisi bu proseslərdə medianın iştirakının yüksək səviyyədə təmin edilməsinin dövlətin marağında olduğunu vurğulayıb.

“1995-ci ildə Konstitusiya qəbul olunub, 2002 və 2009-cu ildə keçirilən referendumda əlavə və dəyişikliklər edilib. Konstitusiya dünyanın heç bir ölkəsində doqma sayılmır və zamanla müvafiq dəyişikliklər edilib. ABŞ və Fransa Konstitusiyalarına da çoxlu dəyişiklik olunub. Qonşu Türkiyədə də Konstitusiyaya dəyişikliklər gündəmdədir. Türkiyədə Konstitusiyaya nəzərdə tutulan dəyişikliklər prezident üsul-idarəsinin gücləndirilməsi ilə bağlıdır”.

Əli Həsənov qeyd edib ki, konstitusiyaya dəyişiklikləri ölkədə aparılan siyasi və iqtisadi islahatların davamı hesab etmək olar.

“Yaradılması nəzərdə tutulan vitse-prezidentlik institutu qəbul edilən qərarların icrasını təmin etmək üçün optimal institut kimi nəzərdə tutulub. Dəyişiklik və əlavələrə əsasən, sahibkarlıq sahəsində dövlətin funksiya və vəzifələrin sərhədləri dəqiq müəyyən edilib. Seçkili orqanlarda yaş senzinin aradan qaldırılması da mühüm addımdır”.

Azərbaycan prezidentinin köməkçisi referendumun azad, şəffaf keçirilməsində KİV-in də üzərinə mühüm vəzifə düşdüyünü qeyd edib: “KİV referendumqabağı təşviqatda aktiv olmalıdır, bu, Azərbaycan dövlətinin marağındadır. Təşviqat prosesində KİV-in rolu və vəzifələri Seçki Məcəlləsində, “KİV haqqında” qanunda əksini tapıb. Jurnalistlər seçki prosesinin bütün mərhələlərini izləməkdə azaddırlar, onlar MSK və dairələrdə akkreditə olunmadan istənilən seçki məntəqəsində prosesi müşahidə edə bilərlər. Əsas odur ki, jurnalistlər referendumla bağlı müxtəlif mövqeləri, o cümlədən prosesə tənqidi münasibət bildirən siyasi partiyaların, vətəndaşların mövqelərini işıqlandırmalıdır”.

Heydər Əliyevin mətbuat üzərində senzuranı aradan qaldırdığnı, Mətbuat Nazirliyini ləğv etdiyini qeyd edən Ə. Həsənov Azərbaycanda KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradıldığını, ötən dövr ərzində mətbuata 30 milyon manatdan çox yardım göstərildiyini bildirib: "Əlavə yardımları da nəzərə alsaq, KİV-ə yardımın ümumi məbləği 40 milyon manata çatır”.

Ölkədə real yayımı olan 200-dən çox qəzet, 300-dən artıq fəal internet resursunun olduğunu deyən Ə. Həsənov bildirib ki, əhalinin hər 1000 nəfərindən 767-nin internetə çıxışı var.

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov medianın cəmiyyətdə rolunun getdikcə artdığını, xüsusilə seçkilər və referendumlar zamanı onun üzərinə daha məsuliyyətli vəzifənin düşdüyünü diqqətə çatdırıb. O, MSK ilə KİV arasında sıx əməkdaşlığın qurulduğunu vurğulayıb. İndiyədək seçkilərin və referendumların işıqlandırılmasında KİV-lə bağlı hansısa problemin yaranmadığını qeyd edən N.Məhərrəmov referendumqabağı təşviqatda da hər hansı problemin ortaya çıxmasını gözləmədiklərini söyləyib. Şura sədri telekanallarda ödənişli və ödənişsiz əsaslarla referendumqabağı təşviqat prosesi zamanı riayət edilməli olan qaydalardan da söz açıb.

Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev çıxış edərək diqqətə çatdırıb ki, sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi ilə bağlı bir sıra işlərin görülməsi vətəndaş cəmiyyəti qurumu olaraq Mətbuat Şurasının qarşısında duran əsas fəaliyyətlərdəndir. Mətbuat Şurası Azərbaycanda keçirilən seçkilərdə və referendumlarda iştirak edərək böyük təcrübəyə yiyələnib. Ötən illərin seçki prosesləri zamanı səsvermə prosesinin işıqlandırılması, seçki maarifləndirməsi, informasiya təminatı və sair istiqamətlərdə bir sıra addımlar atılıb. O, əmin olduğunu bildirib ki, referendum zamanı mətbuat nümayəndələri səsvermə ilə bağlı qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə, dövlət və vətəndaş cəmiyyəti qurumları ilə qarşılıqlı, faydalı əməkdaşlıq sayəsində ictimaiyyətin obyektiv informasiya ilə təminatına, səsvermə prosesi haqqında məlumatların cəmiyyətə çatdırılmasına, səsvermənin şəffaf, ədalətli keçirilməsinə öz töhfələrini verəcəklər.

Daha sonra MSK-nın sədr müavini Natiq Məmmədovun “Referendumqabağı təşviqata dair ümumi tələblər və referendumqabağı təşviqat subyektləri. Ödənişli və ödənişsiz əsaslarla aparılan referendumqabağı təşviqata şərait yaradılması prosesində KİV-lərin üzərinə düşən vəzifələr” mövzusunda məruzəsi dinlənilib.

Tədbir müzakirələrlə davam etdirilib.

Müzakirələr zamanı Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Seçki Məcəlləsində onlayn media məsələsi əksini tapmalıdır.

“Onlayn mediada fəaliyyət göstərənlər jurnalistdirlər, onlar bu baxımdan məsuliyyət daşıyırlar. Onların hüquqları da digər orqanlardakı jurnalistlər kimi eynidir”.

Prezidentin köməkçisi qeyd edib ki, qanunlarda onlayn media kütləvi informasiya vasitəsi sayılır: “Onlar qanunu pozursa, dövlət orqanları həmin qanunvericilik çərçivəsində tədbir görür. Bu, Seçki Məcəlləsində də əksini tapmalıdır”.

Seminar-müşavirədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, MSK-nın, beynəlxalq qurumların nümayəndələri, KİV rəhbərləri və təmsilçiləri iştirak ediblər.

A.M.

0
11