Bu müəssisələri özəlləşdirməyə məsləhətçi axtarılır – SİYAHI

Bu müəssisələri özəlləşdirməyə məsləhətçi axtarılır – SİYAHI

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) kimya sənayesi və maşınqayırma müəssisələrinin özəlləşdirilməsinin təmin edilməsi ilə bağlı təkliflərin hazırlanması üçün açıq tender elan edib.

Oxu.az xəbər verir ki, açıq tender üsulu ilə keçirilən dövlət satınalmasının məqsədi özəlləşdirməyə açılan “Sumqayıt Superfosfat”, “Mingəçevir Texniki Rezin”, “Mingəçevir Regenerat”, “Mingəçevir Şüşə Lifi”, “Bakı Dəzgahqayırma” və “Bakı Elektroavtomat” ASC-lərin özəlləşdirilməsinin təmin edilməsi ilə bağlı təkliflərin hazırlanması üçün məsləhətçinin cəlb edilməsindən ibarətdir.

Cəlb olunacaq məsləhətçi müəssisələrin dövlətə məxsus səhmlərinin özəlləşdirilməsinin səmərəli formada təşkil edilməsi üçün təkliflərin hazırlanması, müəssisələrin mövcud maliyyə-iqtisadi vəziyyətinin təhlilinin aparılması, onların ayrı-ayrılıqda qiymətləndirilməsi və biznesin mümkün inkişaf perspektivləri əsasında investisiya ehtiyaclarının öyrənilməsi, potensial investorlara təqdim olunmaq üçün müəssisələr haqqında ayrı-ayrılıqda məlumat memorandumunun (ölkə haqqında, qanunvericilik və s. barədə məlumatlar daxil edilməklə) hazırlanması, müəssisələrin özəlləşdirilməsinə yerli və xarici investorların dəvət edilməsi üçün potensial investorların müəyyən edilməsi, müəssisələrin satışı üzrə keçiriləcək investisiya müsabiqələrində iddiaçılara təqdim ediləcək şərtlər toplusunun layihəsinin hazırlanması, investisiya müsabiqəsində iştirakçıların təkliflərinin qiymətləndirilməsi və qalibin seçilməsində müsabiqə komissiyasının işinə köməklik göstərilməsi, investisiya müsabiqəsinin qalibi ilə imzalanacaq alqı-satqı müqaviləsinin layihəsinin hazırlanması və onun müzakirəsi zamanı satıcının mövqeyinin (dövlətin maraqlarının) dəstəklənməsi, sifarişçinin tələbi ilə digər zəruri tədbirlərin qarşılıqlı razılaşma əsasında həyata keçirilməsi istiqamətində işlər görməlidir.

Açıq tenderdə bu xidmətləri göstərmək iqtidarında olan yerli və xarici hüquqi şəxslər iştirak edə bilərlər. Əsas Şərtlər Toplusunu almaq üçün iddiaçılar tərəfindən iştirak haqqı olaraq 500 manat vəsait komitənin müvafiq bank hesabına ödənilməlidir. Təklif olunan xidmətlərin qiyməti nəqliyyat, sığorta, vergi, gömrük rüsumları və digər xərclər daxil olmaqla Azərbaycan manatı ilə göstərilməlidir. Satınalma müqaviləsi komitənin tələbatını daha səmərəli şəkildə təmin edən və şərtlər toplusunda göstərilmiş meyarlar üzrə ən yüksək bal toplamış iddiaçı ilə bağlanacaq.

Təkliflər Əsas Şərtlər Toplusunda göstərilmiş formaya uyğun hazırlanaraq, üzərində hüquqi şəxsin adı və ünvanı göstərilməklə möhürlənmiş qapalı zərfdə 03 oktyabr 2016-cı il, saat 17:00-dək ƏMDK-nin inzibati binasına təqdim edilməlidir. Zərflərin açılması ilə bağlı Tender Komissiyasının iclası oktyabrın 7-də saat 15:00-da komitənin inzibati binasında keçiriləcək.

Z.C

0
10