Türkiyə QHT-ləri Zəfər bayramını qeyd etdilər

Türkiyə QHT-ləri Zəfər bayramını qeyd etdilər

 Türkiyənin bəzi Qeyri-Hökumət Təşkilatları 30 avqust Zəfər bayramını İstanbulda birlikdə qeyd  edərək yürüş keçiriblər. Türkiyə Gənclik  Birliyi, Türkiyə Litseylilər Birliyi, Cümhuriyyətçi Qadınlar Dərnəyinin İstanbul vilayət təşkilatı və digər QHT-lərin təşkil etdikləri yürüş  İstanbulun İstiqlal prospektindəki tunelin qabağından başlayıb.

Təxminən 5 min nəfər yürüşçü Taksim meydanına tərəf hərəkət edərkən yol boyunca “Türkiyənin terrora təslim etməyəcəyik”, “Ya istiqlal, ya ölüm, tam müstəqil Türkiyə” şüarları səsləndirilib. Taksim meydanında yürüşün qətnaməsi oxunandan sonra yürüş iştirakçıları heç bir insidentə yol vermədən dağılışıblar.

Yürüşdən sonra APA-ya açıqlama verən Türkiyə Gənclik Birliyinin başqanı Çağdaş Cengiz deyib: “30 avqust Zəfər bayramı bizə heç bir Türk diyarının 1 qarışının belə işğal altında qalmayacağını öyrətmişdir. Türkiyəyə qarşı yönəldilən qondarma “erməni soyqırımı” iddialarına qarşı burada və Avropada necə mübarizə aparırıqsa, qardaş Azərbaycan torpaqlarının da erməni işğalından azad edilməsi üçün həmişə can-başla mübarizə aparmağa hazırıq. Bu mənada 30 avqust Zəfər bayramı qardaş Azərbaycanla Türkiyənin ortaq nöqtəsini təşkil etməkdədir”.

Qeyd edək ki, 2006-cı ildə  yaradılan Türkiyə Gənclik Birliyi hazırda öz sıralarında 10 minlərlə gənci birləşdirir.

0
17