Ölkə əhalisinin sayı sürətlə 10 milyon nəfərə yaxınlaşır

Ölkə əhalisinin sayı sürətlə 10 milyon nəfərə yaxınlaşır

Statistika komitəsi ən son məlumatları açıqlayıb.

Bu ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 17 900 nəfər və ya 0,2% artaraq 2016-cı il mart ayının 1-i vəziyyətinə 9 milyon 723 min 500 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən Oxu.Az-a verilən məlumata görə, əhalinin 1 kv. km olan sıxlığı 112 nəfər olub.

Ölkə əhalisinin ümumi sayından 53,1%-i şəhər, 46,9%-i kənd sakinlərinin, 49,8%-i kişilərin, 50,2%-i isə qadınların payına düşür. Hazırda hər 1000 kişiyə 1007 nəfər qadın düşür.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk iki ayı ərzində ölkədə 27 min 600 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 17,5 təşkil edib. Doğulan körpələrin 53,2%-i oğlan, 46,8%-i isə qız uşaqlarından ibarət olub.

2016-cı ilin yanvar-fevral aylarında ölkədə 9 min 900 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,3 olub.

0
24