“Quş qripi” ilə bağlı aparılan sonuncu monitorinqin nəticələri açıqlandı

“Quş qripi” ilə bağlı aparılan sonuncu monitorinqin nəticələri açıqlandı

Növbəti monitorinqə mayın 2-dən start veriləcək.

Aprelin əvvəlində köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda, eləcə də Azərbaycanın dənizsahili zonalarında həyata keçirilən quş qripi ilə bağlı müayinələr başa çatıb. Nümunələrin heç birində "quş qripi" xəstəliyinin törədicisi aşkar edilməyib. 

Bu, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) Oxu.Az-a daxil olan məlumatda bildirilib. 

Məlumata görə, köçəri quşlara görə monitorinq aparılan ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara təsadüf edilməyib, eləcə də ölkənin bütün təsərrüfatlarında saxlanılan quşlar arasında hər hansı kəskin infeksion xəstəliyə və xəstəlikdən tələfolma hallarına rast gəlinməyib. DBNX əhaliyə və quşçuluq təsərrüfatı rəhbərlərinə tövsiyə edir ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları qapalı şəraitdə, baytarlıq-sanitariya qaydalarına uyğun saxlanılsın. 

Həmçinin, heyvanlarda (mal-qara, quşlar, balıqlar, arılar və başqaları) özbaşına müalicə, peyvəndləmə və digər baytarlıq tədbirləri aparılmasın, heyvanların saxlanılması baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə həyata keçirilsin.

“Quş qripi” xəstəliyinin ölkəyə köçəri quşlardan keçmə ehtimalını hər zaman diqqət mərkəzində saxlayan DBNX ölkə ərazisində ardıcıl olaraq monitorinqləri bundan sonra da davam etdirəcək. Köçəri quşlara görə monitorinq aparılan ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara təsadüf edilməyib, eləcə də ölkənin bütün təsərrüfatlarında saxlanılan quşlar arasında hər hansı iti infeksion xəstəliyə və xəstəlikdən tələfolma hallarına rast gəlinməyib. 

Hazırda “quş qripi” xəstəliyinə və digər kəskin yoluxucu xəstəliklərə görə ölkədə epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında DBNX aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir. Quşların miqrasiyasını əsas götürərək növbəti monitorinqə may ayının 2-dən start veriləcək.

Xatırladaq ki, aprelin 4-dən “quş qripi” xəstəliyinə görə ölkə ərazisində DBNX, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə növbəti monitorinq başlanıb. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlarda saxlanılan quşlardan da nümunələr götürülüb.

“Quş qripi” xəstəliyinə görə aparılan növbəti monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 22 baş çöl quşlarının patoloji materialı və ölkənin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarından gətirilən 1 322 baş ev quşlarının qan nümunələri baytarlıq laboratoriyasında müvafiq müayinələrdən keçirilib.

0
21