DSX-nın gəmisi Həştərxana gedib – FOTO

DSX-nın gəmisi Həştərxana gedib – FOTO

Səfərin məqsədi Xəzər dənizində qeyri-qanuni fəaliy­yətlərin qarşısının alınmasının təmin edilməsi olub.

Dövlət Sərhəd Xidməti (DSX) ilə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti arasında təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində 23-26 avqust tarixlərində DSX Sahil Mühafizəsinin II dərəcəli sərhəd gözətçi gəmisi Həştərxan şəhərinə dostluq səfəri edib.

DSX-nin mətbuat xidmətindən Oxu.Az–a verilən məlumata görə, səfərin məqsədi Xəzər dənizində qeyri-qanuni fəaliy­yətlərin qarşısının alınmasının təmin edilməsi, təhdidlərlə mübarizə sahəsində qarşılıqlı əlaqənin təkmilləşdirilməsi olub.

Səfər zamanı “Dənizdə qanun­suz fəaliyyətlərə qarşı əks tədbirlər, həmçinin Xəzər dənizi akvatoriyasında yaranmış müxtəlif şəraitlərdə reaksiya göstərilməsi üzrə birgə hərəkətlərin işlənilməsi” mövzusunda sərhəd təlimi keçirilib.

Təlimdə dəniz nəqliyyatı ilə neft məhsullarının qaçaqmalçılığı faktı barədə tərəflərin məlumatlandırılması, birgə sərhəd axtarışının keçirilməsi, tabe olmayan şərti sərhəd pozucusunun saxlanılması, xəbərdarlıq atəşinin icra edilməsi, baxış qruplarının saxlanılmış gəmiyə çıxarılması və baxışın keçirilməsi kimi epizodlar müvəffəqiyyətlə icra edilib. Keçirilmiş təlimdə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin II dərəcəli sərhəd gözətçi gəmisinin heyəti tərəfindən qarşıya qoyulmuş məqsədlərə tam nail olunub.

Bundan başqa, əməkdaşlıq və qarşılıqlı əlaqənin vəziyyəti, o cümlədən inkişaf perspektivlərinin müzakirəsi aparılıb, Xəzər dənizi akvatoriyasında və sahilyanı ərazilərdə şərait haqqında məlumat mübadiləsi üsullarının təkmilləşdirilməsi üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Səfərin proqramına əsasən Azərbaycan və Rusiya gəmi heyətləri arasında Həştərxan şəhərinin “Dinamo” idman klubunda mini-futbol üzrə yoldaşlıq oyunu keçirilib, Azərbaycan sərhədçiləri üçün Həştərxan şəhərinin tarixi yerlərinə gəzinti təşkil olunub.

0
24