Dövlət Xidməti zərgərlərə müraciət etdi

Dövlət Xidməti zərgərlərə müraciət etdi

Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti Azərbaycanda qiymətli metallardan və qiymətli daşlardan olan zərgərlik və digər məişət məmulatlarının istehsalçıları və satışı ilə məşğul olanlara müraciət edib.

Oxu.Az xəbər verir ki, “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunun 10.3-cü bəndinə əsasən, sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən istehsal edilmiş, habelə ölkə ərazisində satışa çıxarılan qiymətli metallardan və qiymətli daşlardan olan zərgərlik və digər məişət məmulatları dövlət əyar damğası ilə damğalanmalıdır.

“Qeyd edilənlərlə əlaqədar, Azərbaycanda istehsal edilmiş və xaricdən satış məqsədilə gətirilmiş zərgərlik və digər məişət məmulatlarının analizini, ekspertizasını, əyarlanması və damğalanmasını təmin etmək məqsədilə həmin məmulatların Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinə təqdim edilməsi xahiş olunur”, - deyə müraciətdə bildirilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2016-cı il 20 aprel tarixli fərmanı ilə “Lisenziya və icazələr haqqında” qanun təsdiq edilib. Həmin qanunun 3 nömrəli əlavəsində “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısının 70-ci bəndinə əsasən qiymətli metallardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının dövlət əyar damğası icazələr növünə aid edilib.

Nazirlikdən bildirilib ki, əks halda “Qiymətli metallar və qiymətli daşlar haqqinda” Azərbaycan Respublikası Qanununun 20.3-cü bəndinə əsasən dövlət əyar damğalarını saxtalaşdırmağa, üzərində dövlət əyar damğası olmayan və ya saxta əyar damğası həkk edilmiş zərgərlik və digər məişət məmulatlarının satışına görə, İnzibati Xətalar və Cinayət Məcəllələri ilə müəyyən edilmiş qaydada məsuliyyət yaranır.

Qeyd edək ki, Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti Azərbaycan Respublikasının ərazisində dövlət əyar nəzarətini və qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi uçotu və saxlanılması sahəsində dövlət nəzarətinin həyata keçirən icra hakimiyyəti orqanıdır.

0
8