BƏƏ KİV-də Mehriban Əliyevaya həsr edilmiş yazılar dərc edilib

BƏƏ KİV-də Mehriban Əliyevaya həsr edilmiş yazılar dərc edilib

Birləşmiş Ərəb Əmirliklərinin “Vəhdət” qəzetində, “Arabian business” biznes xəbərlər portalınd, “Ermi Media” qrupuna daxil “Foochia” internet portalında, eləcə də Londonda yerləşən “Middle East Online”da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva haqqında məqalələr dərc edilib.

Azərbaycanın BƏƏ-dəki səfirliyindən Lent.az-a verilən xəbərə görə, məqalələrdə Azərbaycanın birinci xanımının çoxşaxəli fəaliyyətindən bəhs edilir. Yazılarda bildirilir ki, Mehriban Əliyeva Azərbaycan Mədəniyyətinin Dostları Fondu və Azərbaycan xalqının Ümummilli Liderinin adını daşıyan Heydər Əliyev Fonduna rəhbərlik edir və hər iki Fond vasitəsilə həm ölkəmiz, həm də xalqımız üçün humanitar, sosial və iqtisadi töhfələr verir. Bu xüsusda, Mehriban xanım Əliyevanın uşaq və yaşlı nəsil nümayəndələrinə xüsusi diqqət göstərdiyi, onların qarşısında duran problemlərin həlli istiqamətində gördüyü işlər qabardılır.

Tolerantlıq və sülh dəyərlərini üstün tutan Heydər Əliyev Fondunun ölkədə məscid və kilsələrin tikintisi və ya yenidən qurulmasını öz üzərinə götürdüyü məqalələrdə qeyd edilir, məhz bu cür yanaşmanın da respublikamızda yaşayan çoxsaylı milli azlıqların bir-biri ilə dinc şəraitdə yaşamasını təmin etdiyi vurğulanır.

Azərbaycan xalqının zəngin milli musiqi irsinin gənc və yetişən nəsillərə ötürülməsi işində Mehriban Əliyevanın özəl rolu qabardılır. Oxucuların nəzərinə çatdırılır ki, məhz birinci xanımın hərtərəfli diqqəti hesabına bu gün Azərbaycanda musiqi incəsənəti obyektləri tikilir, musiqiyə, ələlxüsus da onun muğam janrına gənc istedadlarımız tərəfindən böyük rəğbət göstərilir.

Mehriban Əliyevanın idmana olan qayğısı da bütün məqalələrdə öz əksini tapır. Orada Azərbaycanın birinci xanımının Milli Gimnastika Federasiyasına rəhbərlik etdiyi göstərilir və bunun sayəsində bu idman növündə irəliləyişin nəzərə çarpdığı qeyd edilir, paytaxt Bakının müxtəlif mötəbər beynəlxalq yarışlara ev sahibliyi etdiyi barədə oxucular məlumatlandırılır. Bundan savayı, 2015-ci ildə ölkəmizdə Birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinin məhz Mehriban xanım Əliyevanın sədrlik etdiyi Təşkilat Komitəsinin adı ilə bağlı olduğu qabardılır, həmin oyunların yüksək səviyyədə təşkili sayəsində birinci xanıma 2017-ci ildə respublikamızda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları üzrə Milli Komitənin sədri missiyasının həvalə edildiyi xüsusilə qeyd edilir. Eyni zamanda Mehriban Əliyevanın “Eurovision” mahnı müsabiqəsi üzrə Təşkilat Komitəsinin rəhbəri olaraq, bu mötəbər Avropa musiqi yarışmasının uğurla keçirilməsini təmin etdiyi vurğulanır.

Mehriban Əliyevanın xarici fəaliyyətlərinə gəlincə, burada Heydər Əliyev Fondunun xətti ilə humanitar aksiyalara nəzər salınır. Bu xüsusda Rusiya, Pakistan və digər ölkələrdə peyvənd aksiyaları, açıq ürək əməliyyatları, Pakistanda Göz Xəstəxanasına və Talassemiya Mərkəzinə ianələr, qan donorluğu aksiyaları misal çəkilir. Həmçinin Fondun Rumıniya, Haiti, Pakistan və dünyanın digər yerlərində baş vermiş təbii fəlakətlərdən əziyyət çəkən insanlara yardım əlini uzatdığı qabardılır.

Sonra zəngin milli musiqi irsimizin dünya miqyasında tanıdılması yönündəki töhfələri ilə yanaşı, Heydər Əliyev Fondunun qlobal bəşəri dəyərlər, sülh və tolerantlıqdakı roluna diqqət yetirilir. Bu məqamda oxucuların diqqətinə çatdırılır ki, tolerantlıq və sülh dəyərlərini üstün tutan sözügedən Fond qlobal səviyyədə fərqli mədəniyyət və dinlər arasında dialoq və əməkdaşlıq formatının intişar etməsində səylərini əsirgəmir, bu məqsədlə mühüm beynəlxalq tədbirlər təşkil edir. Fransa, Almaniya, İtaliya və digər ölkələrin maddi-mədəni dəyəri sayılan tarixi abidələrin təmirində yaxından iştirak edib.

Məqalələrin yekun hissələrində Mehriban Əliyevanın çoxşaxəli və yorulmaz fəaliyyətindən əmələ gələn dəyərli iş və töhfələrinin ona UNESCO və İSESCO kimi nüfuzlu beynəlxalq təşkilatların xoşməramlı səfiri adını, habelə Fransa, Pakistan, Polşa, Serbiya kimi ölkələrin ali dövlət ordenlərini, eləcə də Dünya Səhiyyə Təşkilatının mükafatını, UNESCO-nun “Qızıl Motsart” medalını, “Qızıl ürək” beynəlxalq mükafatını qazandırdığı önə çəkilir.

Birləşmiş Ərəb Əmirliklərində dərc olunan məqalələrlə aşağıdakı linklərdən tanış olmaq olar.

http://arabic.arabianbusiness.com/lifestyle/2016/aug/25/420650/

http://www.foochia.com/celebrities/114892

http://www.middle-east-online.com/?id=231442

0
19