Heydər Əliyev Beynəlxalq Hava Limanında ilk spottinq keçirilib

Heydər Əliyev Beynəlxalq Hava Limanında ilk spottinq keçirilib

Heydər Əliyev Beynəlxalq Hava Limanında "Azərbaycan Hava Yolları" (AZAL) QSC tərəfindən təşkil olunan ilk rəsmi spottinq keçirilib.

Oxu.Az-a AZAl-dan verilən məlumata görə, tədbirdə 30-a yaxın peşəkar fotoqraf və aviasiya fotoqrafiya həvəskarları iştirak edib.

Spotterlər “Boeing-767”, “Boeing-757”, “Airbus A340”, “A320”, həmçinin “Boeing 747F” və “İL-72” yük təyyarələrinin qalxması və yerə enməsini çəkmək üçün unikal imkan əldə ediblər. Həmçinin iştirakçılar hava gəmilərinə yerüstü xidmət prosesini və aerodrom texnikasının işini canlı müşahidə edə bilib.

Bundan başqa, təşkil olunan ekskursiya çərçivəsində spotterlər “Airbus A340-500” təyyarəsinin sükanı arxasında əyləşə və biznes aviasiya təyyarələrinin fotoşəkillərini çəkə bilib.

Qeyd edək ki, aviasiya spottinqi - təyyarələrin fotoçəkilişi və müşahidəsi - aviasiyaya və fotoqrafiyaya meyl göstərən minlərlə insanları birləşdirən həvəsdir. Aviaspottinq həvəskarları bütün dünyada hava gəmilərinin ən yaxşı kadrlarını çəkir və bölüşürlər.

0
18