Nazir müavini: Cənub Qaz Dəhlizi Avropanın ən iri enerji layihələrindən biridir

Nazir müavini: Cənub Qaz Dəhlizi Avropanın ən iri enerji layihələrindən biridir

Azərbaycanın sübut olunmuş təbii qaz ehtiyatı 2,6 trilyon kubmetr, neft ehtiyatı isə 2 mlrd. ton təşkil edir ki, bu da Azərbaycanı dünyanın ən iri neft regionları sırasına çıxarır.

Oxu.Az xəbər verir ki, bunu Enerji İqtisadiyyatları üzrə Beynəlxalq Assosiasiyasının (EİBA) I Avrasiya konfransında Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda gündə 82-88 mln. kubmetr qaz və 115-120 min ton neft hasil edilir ki, bu da dənizdə və quruda istismar edilən yataqlardan, eləcə də xarici şirkətlərlə birgə işlənən “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli”, “Ümid” və digər yataqlardan alınır.

“Dünya bazarlarında neftin qiymətinin düşməsinin yaratdığı reallıqlara baxmayaraq, Azərbaycan bütün ölkələrlə güclü tərəfdaşlıq münasibətlərinə sadiqliyini qoruyub saxlayır və “Cənub Qaz Dəhlizi” kimi nəhəng transmilli layihələrin icrasını davam etdirir.

Avropa ilə Asiyanın kəsişməsində xüsusi coğrafi mövqe üstünlüklərinə malik Azərbaycan enerji resurslarının nəqli üçün tranzit imkanlarında müstəsna əhəmiyyətə malikdir. Uzunluğu 3500 kilometr olan “Cənub Qaz Dəhlizi” təkcə maliyyə deyil, həm də texniki cəhətdən çox mürəkkəb layihə olmaqla ilkin gücünün artırılması üçün yeni kompressor stansiyaları və boruların quraşdırılması ilə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi Transanadolu Qaz Boru Kəməri (TANAP) və Transadriatik Qaz Boru Kəmərinin (TAP) həyata keçirilməsi istiqamətində işlər uğurla davam etdirilir.

“Cənub Qaz Dəhlizi” Avropada ən iri infrastruktur və enerji layihələrindən biridir və bu layihə enerji təhlükəsizliyi layihəsi olmaqla, bir çox illər ərzində hamımıza - hasilatçılara, tranzit ölkələrə və istehlakçılara fayda verəcək. Enerji təhlükəsizliyi indi ölkələrin milli təhlükəsizliyinin ən mühüm elementlərindən biridir. “Cənub Qaz Dəhlizi” layihəsi nəinki marşrutların, o cümlədən mənbələrin şaxələndirilməsi faktorudur”, - deyə nazir müavini vurğulayıb.

N.Abbasov qeyd edib ki, Xəzər regionundan Avropaya qaz təchizatı marşrutlarının şaxələndirilməsinin enerji təhlükəsizliyini şərtləndirən faktorlardan biri olan Cənub Qaz Dəhlizi də Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfənin yeni səhifəsini açıb:

“Gürcüstan-Türkiyə sərhədindən başlayacaq və Türkiyə-Yunanıstan sərhədinə qədər davam edəcək 1850 kilometrlik uzunluğunda olan TransAnadolu Qaz Boru Kəməri regional, xüsusilə də Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi çox vacib layihədir. Türkiyə-Yunanıstan sərhədindən başlayaraq, Yunanıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibi ilə İtaliyanın cənubunadək uzanacaq TransAdriatik Qaz Boru Kəmərinin tikilməsi ilə enerji dəhlizinin yaradılması başa çatdırılacaq.

Bu kəmər Avropa bazarına Azərbaycan qazının daşınması üçün kifayət qədər potensiala malik olacaq və Avropada mürəkkəb qaz kəmərləri infrastrukturu yaratmağa imkan verəcək. Bundan başqa, tikintisi planlaşdırılan İonik-Adriatik boru ilə Azərbaycan qazının Bolqarıstan, Monteneqro, Xorvatiya, Bosniya və Herseqovinaya çatdırılmasına imkan yaradacaq”.

0
9