DİN: Bu il sürücülər 58,5 milyon manat cərimələnib

DİN: Bu il sürücülər 58,5 milyon manat cərimələnib

Bu ilin 6 ayı ərzində yol-hərəkət qaydalarının pozulması nəticəsində 40,2 milyon manat məbləğində cərimələrin tətbiq edilməsi barədə məlumat həqiqəti əks etdirir. Məlumat üçün əlavə olaraq onu da deyə bilərəm ki, 8 ay ərzində isə respublika üzrə 2,1 milyon yol hərəkəti qaydası əleyhinə olan inzibati xəta aşkarlanaraq sənədləşdirilib. Bu inzibati xətalara görə 58,5 milyon manat məbləğində cərimələr tətbiq edilib.

Oxu.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bir sıra xəbər saytlarında statistik rəqəmlərə əsasən, ilin altı ayı ərzində yol-hərəkət qaydalarının pozulması nəticəsində 40,2 milyon manat məbləğində cərimələrin tətbiq edilməsi barədə məlumatları şərh edərkən deyib.

E.Zahidov bildirib ki, qayda pozuntularının 65 faizi məhz fotovideo qeydiyyat funksiyasına malik olan xüsusi texniki vasitələr tərəfindən tərtib edilən elektron protokollar olub.

“Yeri gəlmişkən daha bir məsələyə də münasibət bildirmək istərdim. Təəssüf ki, bəzən belə uğurlu nəticələri gözdən salmağa, DYP-nin fəaliyyətini qərəzli şərh etməyə və bununla da cəmiyyətdə guya çaşqınlıq yarada biləcəklərini düşünənlərə də rast gəlirik.

Keçən ilin analoji dövrü ilə müqayisədə bu il yol-nəqliyyat hadisələri 130 fakt (10,4 faiz), qəzalar nəticəsində ölənlərin sayı 111 nəfər (22,3 faiz), yaralananların sayı isə 122 nəfər (9,3 faiz) azalıb

Məsələn, bəzi “hüquq müdafiəçiləri” ayrı-ayrı sosial şəbəkələrdə sözügedən məlumatda qeyd edilən rəqəmə - 40,2 milyon manata istinad edərək yol polisinin bu qədər qayda pozuntusu aşkar etməsi nəticəsində tətbiq edilən cərimələrin guya dövlət büdcəsinin doldurulmasına hesablanması barədə əsassız və cəfəng iddia irəli sürüblər.

Əvvəla, hər kəsə aydındır ki, 40 yaxud 50 milyon manat respublikanın bugünkü büdcəsində olduqca kiçik rəqəmdir. İkincisi, dünyanın inkişaf etmiş bütün dövlətlərində olduğu kimi, ölkəmizdə də nəqliyyatın hərəkətinə həm də foto-video qeydiyyat funksiyasına malik ən müasir xüsusi texniki vasitələrin köməyi ilə nəzarət olunur. İnzibati xətaların əksəriyyəti də məhz bu qurğular vasitəsilə aşkarlanır və real vaxt rejimində elektron sənəd formasında tərtib edilir.

Qərəzli statusların müəlliflərindən fərqli olaraq vətəndaşlarımız yaxşı başa düşür ki, bu qədər qayda pozuntusunun aşkarlanması eyni zamanda onlarla, bəlkə də yüzlərlə insanın həyatda qalması, şikəst, əlil olmaması, ailələrin yasa batmaması deməkdir. Məhz xüsusi texniki vasitələrdən səmərəli istifadənin, həmçinin yol-patrul xidməti əməkdaşlarının qayda pozuntularına qarşı apardıqları barışmaz mübarizənin nəticəsidir ki, yol-nəqliyyat hadisələrinin, belə qəzalarda ölən və yaralananların sayı gündən-günə azalır.

Əgər keçən illə bu ilin analoji dövrünu müqayisə etsək, görərik ki, bu il yol-nəqliyyat hadisələri 130 fakt (10,4 faiz), qəzalar nəticəsində ölənlərin sayı 111 nəfər (22,3 faiz), yaralananların sayı isə 122 nəfər (9,3 faiz) azalıb. Özü də ölkəmizin paytaxtında və magistral yollarında nəqliyyat vasitələrinin sayının durmadan artdığı bir vaxtda...

Ona görə istər cinayətkarlıqla, istərsə də yol-hərəkət qayda pozuntularıyla mübarizə aparan polisin əldə etdiyi uğurları gözü götürməyən, onlara qarşı qərəz nümayiş etdirən həmin dırnaqarası hüquq müdafiəçilərinin nə yazmalarından, hansı mövqe sərgiləmələrindən asılı olmayaraq vətəndaşlarımız da, sürücülər də polisin fəaliyyətinə həmişə dəstək olurlar və təqdir edirlər”, - deyə E.Zahidov qeyd edib.

0
7