Gəncədə kürəkən qayınatasından qisas aldı

Gəncədə kürəkən qayınatasından qisas aldı

Gəncədə və Bakının bir neçə rayonunda eyni üsulla oğurluq baş verib.

Oxu.Az Region TV-yə istinadən xəbər verir ki, Baş Cinayət Axtarışı İdarəsi və Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini Elnur Aslanov və Ağcabədi sakini Rəşad Xəlilov Bakıxanov qəsəbəsində yerləşən kafelərdən birində yaxalanıblar.

Onlar açarseçmə üsulu ilə 9 mənzilin qarət olunmasında təqsirli bilinirlər. Saxlanılan şəxslərdən E.Aslanov dindirilmə zamanı günahını etiraf edib:

“Binəqədi, Nəsimi və Sabunçu rayonlarında, bir mənzili də Gəncədə yarmışıq”.

Gəncədə qarət olunan mənzil Elnurun qayınatasının evi olub. Bir neçə il bundan əvvəl qayınata kürəkənlə şərikli maşın alıb. Arada yaranan narazılıqdan sonra isə qayınata mülki etibarnaməni ləğv edib.

Saxlanılan şəxsin sözlərinə görə, taksi ilə Gəncəyə gediblər. Evdə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra Elnur kustar üsulla hazırlanmış açarlarla qapını açıb. Hər şey də ondan sonra baş verib:

“Açdı qapını, dedi gəl bura. Artıq içəridə idi. Mənə bir bağlama verdi, boyunbağı idi. Sonra da qızıllar vardı. Şəhərə qayıdıb qızıl boyunbağını 5400 manat satdı. Qızılları neçəyə satdığını bilmirəm”.

Bu şəxslərin bir neçə oxşar cinayətlərdə iştirak etdiyi istisna olunmur. Araşdırmalar davam edir.

0
14