IV Beynəlxalq Mürəbbə Festivalının qalibləri müəyyən edilib - FOTO

IV Beynəlxalq Mürəbbə Festivalının qalibləri müəyyən edilib - FOTO

Avqustun 27-də Qəbələ şəhərində IV Beynəlxalq Mürəbbə Festivalı keçirilib. Qəbələ rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının köməkliyi ilə keçirilən beynəlxalq tədbirdə Türkiyə, İran, Qana, Gürcüstan, Rusiya, Şimali Kipr, Ukrayna, Özbəkistan, Çin şirniyyatçıları, eləcə də Azərbaycanın 30 şəhər və rayonunu təmsil edən mürəbbə ustaları öz məhsullarını nümayiş etdiriblər.

Oxu.Az-ın APA-ya istinadla xəbərinə görə, festivalın açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov, festivalın münsiflər heyətinin sədri, Özbəkistan Aşpazlar Assosiasiyasının prezidenti Əkbər Umarov çıxış edib.

Müsabiqədə Azərbaycan mürəbbələri çeşidinə və keyfiyyətinə görə digər ölkələrin məhsulundan daha üstün hesab edilib. Qeyd edilib ki, ölkəmizin mədəniyyətini və milli kulinariyasını təbliğ etmək məqsədi ilə keçirilən Qəbələ mürəbbə festivalında rayonların hər birindən 8 çeşiddə mürəbbə hazırlayan 8 nəfərdən ibarət komanda, eləcə də həmin şəhər və rayonların bədii kollektivləri, xalq tətbiqi sənəti ustaları iştirak ediblər.

Yarışlar bitdikdən sonra mürəbbələrin satışı üçün şərait yaradılıb və sərgi təşkil olunub.

Mürəbbə müsabiqəsində 3 nominasiya üzrə qaliblər elan olunub. Mürəbbələrin ən yaxşı təqdimatına görə, xarici ölkələr arasında Ukrayna birinci, Şimali Kipr ikinci yeri, ən yaxşı mürəbbə müsabiqəsində İran birinci, Çin ikinci yeri, mürəbbələrin növ müxtəlifliyinə görə Özbəkistan birinci, Türkiyə ikinci yeri tutub.

Azərbaycanın rayonları arasında Zərdab (gilas), İsmayıllı (böyürtkən), Gəncə (çiyələk), Şəki (heyva), Qazax (qoz), Zaqatala (ərik), Gədəbəy (gül), Qəbələ (gavalı) birinci yeri tutub.

Ən qeyri-adi mürəbbənin hazırlanmasına görə Balakən rayonu (cökə mürəbbəsi), çeşidinə görə ən çox mürəbbənin təqdimatına görə Bakı komandası, ən yaxşı təqdimata görə Xaçmaz iştirakçıları birinci yerə çıxıb.

İştirakçılara kubok, medal və qiymətli hədiyyələr təqdim olunub.

Festival konsert proqramı ilə davam etdirilib.

A.S.

0
26