Bu gün Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günüdür

Bu gün Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günüdür

Avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunur. 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqisi festivalının rəhbərliyi tərəfindən qəbul olunan bu qərar xalqımızın milli sərvəti olan muğamın bəşəri musiqiyə çevrildiyini bir daha təsdiq edir.

Oxu.Az xəbər verir ki, Azərbaycan muğamının müasir tarixində ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və ISESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli silsilə tədbirlər müstəsna rol oynayır.

UNESKO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi muğamın, tar ifaçılığı sənətinin təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsidir.

Ölkəmizdə “Muğam aləmi” Beynəlxalq muğam festivallarının, müsabiqələrin, muğam konsertlərinin, simpoziumların təşkili, “Qarabağ xanəndələri” albomunun buraxılması, “Muğam” jurnalının, “Muğam ensiklopediyası”nın nəşri, müasir texnologiyalara əsaslanan və 8 diskdən ibarət “Azərbaycan muğamı” multimedia toplusunun hazırlanması Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyət Fondunun bu sahəyə göstərdiyi diqqətə bariz nümunələrdəndir.

0
9