Kənd Təsərrüfatı Nazirliyi kredit agentliyini məhkəməyə verdi

Kənd Təsərrüfatı Nazirliyi kredit agentliyini məhkəməyə verdi

Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Kənd Təsərrüfatı Layihələrinin və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti “İcraçı Kredit Agentliyi” - bank olmayan kredit təşkilatını məhkəməyə verib.

Oxu.Az report-a istinadən xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumata görə, Dövlət Xidməti BOKT-un müflis elan edilməsi və ona əmlak inzibatçısı təyin olunması tələbi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilib. İşə sentyabrın 7-də baxılacaq.

Xatırladaq ki, KTN aqraq sahədə fəaliyyət göstərən kredit ittifaqlarını maliyyələşdirmək üçün uzun illər “İcraçı Kredit Agentliyi” ilə əməkdaşlıq edib. BOKT-un vasitəçiliyi ilə kredit ittifaqlarına 18 mln. manat vəsait ayrılıb. Amma son vaxtlar ittifaqlara verilmiş borcun geri qaytarılmasında problem yaranıb. Ödənişlərin gecikməsi ucbatından hazırda “İcraçı Kredit Agentliyi”nin dövlətə 5,7 mln. manat borcu yaranıb və bu borcun isə məhkəmə yolu ilə alınması qərar alınıb.

Məsələyə münasibət bildirən BOKT-un İdarə Heyətinin üzvü Samir Cəlilov bildirib ki, təmsil etdiyi qurum KTN-in iddiasını əsassız sayır.

Onun sözlərinə görə, Dövlət Xidmətinə “İcraçı Kredit Agentliyi” deyil, kredit ittifaqları borcludur. BOKT isə bu məsələdə sadəcə vasitəçi olub:

“Bizimlə Dövlət Xidməti arasında agent müqaviləsi imzalanıb. Yəni, o vəsaiti alıb kredit ittifaqlarına vermişik və ödənişləri də gecikdirən onlardır. Dövlətə borcumuz yoxdur. Müflislik məsələsi “İcraçı Kredit Agentliyi”nə şamil edilə bilməz. Yalnız həmin kredit ittifaqları müflis elan edilə bilər”.

0
11