İtaliyada güclü zəlzələ: Ölənlərin sayı 247-yə çatıb – FOTO + YENİLƏNİB

İtaliyada güclü zəlzələ: Ölənlərin sayı 247-yə çatıb – FOTO + YENİLƏNİB

İtaliyanın mərkəzində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 250-yə çatıb.

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda İtaliya Mülki Müdafiə Departamentinin nümayəndəsi İmmakolata Postilone bildirib.

O həmçinin qeyd edib ki, yeraltı təkanlar zamanı 365 nəfər xəsarət alıb.

09:23

İtaliyanın mərkəzində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 247-yə çatıb.

Oxu.Az Frans-Press-ə istinadən xəbər verir ki, bu haqda İtaliya Mülki Müdafiə Departamenti məlumat yayıb.

İnformasiyaya görə, axtarış-xilasetmə işləri Amatriçe, Peskara-del-Tronto, Akkumoli və Arkuata yaşayış məntəqələrində davam etdirilir.

24.08.2016 21:47

Avqustun 24-nə keçən gecə İtaliyanın mərkəzi hissəsində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 120 nəfərə çatıb.

Oxu.Az-ın İnterfax-a istinadən məlumatına görə, bu barədə İtaliyanın baş naziri Matteo Renzi deyib.

19:04

İtaliyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 73 nəfərə çatıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə yerli “Rai News 24” kanalı xəbər yayıb.

Zəlzələ baş verən ərazilərdə dağıntılar altında qalanların meyitlərinin çıxarılması əməliyyatı davam edir. Arkvata-del-Torontoda baş verən 4.9 ballıq afterşokdan sonra daha bir neçə bina dağılıb və bir uşaq ölüb.

16:49

İtaliyanın mərkəzi hissəsində baş verən güclü zəlzələ nəticəsində ən azı 38 nəfər ölüb.

Oxu.Az xəbər verir ki, bu barədə Müki Müdafiə Departamentinin mətbuat katibi İmmakolat Postilyoniyə istinadən “Reuters” məlumat yayıb.

Jurnalistlər qarşısında çıxış edərkən o, Akkumoli və Atriçe şəhərləri arasında 27 nəfərin, Arkatada daha on nəfərin öldüyünü bildirib. Bir müddət sonra qurbanların sayının 38-ə çatdığı dəqiqləşdirilib.

12:51

İtaliyanın mərkəzində Latsio və Umbrya vilayətlərinin sərhədində Terni şəhərində 6,3 maqnituda gücündə yeraltı təkan qeydə alınıb.

Oxu.Az “La Repubblica” qəzetinə istinadən xəbər verir ki, ölənlərin sayı 21 nəfərə çatıb, 100-dən çox adam itkin düşüb.

10:25

Son məlumata görə, İtaliyanın mərkəzi hissəsində çərşənbəyə keçən gecə baş verən güclü zəlzələ nəticəsində ən azı 14 nəfər ölüb, bu barədə yerli KİV məlumat yayıb.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, son məlumata görə, Akkumoli şəhərində bir yox, ən azı altı nəfər, Arkuata-del-Trontoda iki nəfər və Amatriçedə beş nəfər ölüb.

Bundan başqa Peskara-del-Tronto şəhərciyində bir uşaq ölüb, onun valideynləri dağıntılar altındadır.

09:30

İtaliyanın mərkəzində Latsio və Umbriya vilayətlərinin sərhədində Terni şəhərində 6,3 maqnituda gücündə yeraltı təkan qeydə alınıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, təbii fəlakət zamanı ən azı altı nəfər ölüb.

Akkumole şəhərinin meri Stefano Petruççi bildirib ki, “uçmuş evin dağıntıları altında ailə - valideynlər və iki uşaq qalıb”.

Xilasetmə əməliyyatına onlarla yanğınsöndürən dəstə cəlb edilib.

ABŞ Geoloji Xidmətin nümayəndələri bəyan ediblər ki, yüzlərlə insan zəlzələnin qurbanı ola bilər.

“Proqnozlarımıza görə, iqtisadi zərər böyük ola bilər", - deyən alim bu regionda tikililərin əksəriyyətinin seysmik davamlılığının yaxşı olmadığını bildirib.

“35% ehtimal ilə ölənlərin sayı 100-dən minə qədərdir. Bu, ilkin proqnozdur”, - o qeyd edib.

İtaliyanın mərkəzində zəlzələ yerli vaxtla saat 03:33-də (05:33) baş verib. 6,3 maqnituda gücündə olan təkanlar 4 km dərinliyində baş verib. Bir neçə İtaliya şəhəri zərər çəkib.

0
23