Sumqayıtda həkim 5-ci mərtəbədən yıxılan uşağı tutdu – FOTO

Sumqayıtda həkim 5-ci mərtəbədən yıxılan uşağı tutdu – FOTO

Bu gün günorta saatlarında Sumqayıt şəhərində qəribə hadisə baş verib. Təcili Tibbi Yardım stansiyasının həkimi Çiçək Cahangirova 3-cü mikrorayon, ev 11/18-in qarşısından keçərkən qəfildən 5-ci mərtəbədən az yaşlı uşağın yıxıldığını görüb və özünü itirmədən onu göydə tutmağa müvəffəq olub.

Oxu.Az xəbər verir ki, hadisəni Lent.az-a danışan Ç.Cahangirova deyib ki, uşaq eyvandan yıxılarkən valideyni evdə yox imiş:

“Biz bildiyimizə görə, valideyn həmin an evdə olmayıb. Elə işdən çıxarkən binanın yanından keçirdim. Gördüm ki, 5-ci mərtəbədə bir uşaq həyəcanla “Ana! Ana!” deyə qışqırır. Diqqətimi çəkdi. Uşağın yıxılacağını təxmin etdiyim üçün yolu keçib eyvanın düz altında dayandım. Ətrafdakıları, valideynlərini səslədim ki, kimsə köməyə gələ. Uşaq əvvəlcə eyvanın küncündən sallanmışdı, sonra yıxılaraq 4-cü mərtəbənin ipindən tutdu. Həmin an valideyn eyvana çıxdı. Qollarımı açıb uşağı tutmaq üçün dayandım. Çox şükür ki, tuta bildim. Hər ikimiz də yerə yıxıldıq, amma heç birimiz xəsarət almamışıq”.

Qeyd edək ki, Təcili Tibbi Yardım əməkdaşının xilas etdiyi uşaq 4 yaşlı Cavid olub.

Xatırladaq ki, hadisə ilə bağlı ilk məlumatı manevr.az saytı yaymışdı.

0
24