Əl-Fəcr” qəzetində Mehriban Əliyeva haqda yazı dərc olunub

Əl-Fəcr” qəzetində Mehriban Əliyeva haqda yazı dərc olunub

BƏƏ-də dərc olunan “Əl-Fəcr” qəzetinin  baş redaktoru Şərif Əl-Bəsilin müəllifi olduğu “Azərbaycanın birinci xanımı Mehriban Əliyeva. Müxtəlif sahələrdə hədsiz töhfələr” başlıqlı məqalə (http://www.alfajr-news.net/node/119069) yazıb.

BƏƏ-nin Azərbaycandakı səfirliyindən Lent.az-a verilən məlumata görə, baş redaktor Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın intellektual və mədəni dəyərlərin hökm sürdüyü ailədə göz açdığını və tərbiyə aldığını oxucuların diqqətinə çatdıraraq, Azərbaycanın birinci xanımının valideynləri haqqında qısa məlumatlar təqdim edib. Qeyd edib ki, tanınmış Azərbaycan yazıçısı Mir Cəlal Paşayevin nəvəsi olan Azərbaycanın birinci xanımının atası Arif Paşayev fizika sahəsində alim və eyni zamanda 1996-cı ildən indiyədək "Azərbaycan Hava Yolları" Dövlət Konserni Milli Aviasiya Akademiyasının rektorudur, mərhum anası Aida İmanquliyeva mədəniyyətlərin kökləri, dilçilik və şərqşünaslıq sahəsində aparıcı tədqiqatçı olub.

Sonra Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinə keçən müəllif onun istər ölkə daxilində, istərsə də xaricində müxtəlif təşəbbüslərinin və fəal parlament fəaliyyətinin onun haqqında ziyalı müsəlman qadın obrazını yaratdığını xüsusilə qeyd edib, birinci xanımın 1995-ci və 2004-cü illərdə təsis etdiyi müvafiq olaraq Azərbaycan Mədəniyyətinin Dostları Fondu və Azərbaycan xalqının Ümummilli Liderinin adını daşıyan Heydər Əliyev Fondu vasitəsilə xaricdə ölkənin mədəni irsini geniş şəkildə təbliğ etdiyini, ələlxüsus da Heydər Əliyev Fondunun daxili və xarici müstəvilərdə sosial, mədəni və iqtisadi töhfələr verdiyini vurğulayıb.

Mehriban xanım Əliyevanın gündəlik sosial və xeyriyyə işlərində körpə və uşaqların, eləcə də ahıl insanların özəl yer tutduqlarını qabardan yazar onların qarşılaşdıqları çağırışların aradan qaldırılması naminə müxtəlif mühüm işlərin görüldüyünü vurğulayıb, yeni məktəb, xəstəxana, klinikalar və musiqi tərbiyəsi mərkəzlərinin inşa edildiyini, Respublika Talassemiya Mərkəzində keçirilən insulin, qan donorluğu aksiyalarını, habelə təbii əmizdirmə üzrə maarifləndirmə aksiyalarını, eləcə də xüsusi ehtiyacı olan uşaqlar üçün yay düşərgələrinin yaradılmasını misal çəkib, ahıllara istər tibbi, istərsə də maddi yardımlar təqdim edildiyini özəlliklə qeyd edib.

Zəngin milli musiqi irsimizin təbliğinə keçid alan baş redaktor ilk növbədə Heydər Əliyev Fondunun dəstəyi ilə müasir Muğam Mərkəzinin inşasının Azərbaycan muğamına yeni nəfəs verdiyini önə çəkib, bu musiqi növünün Fondun xətti ilə xarici ölkələrdə təşkil edilən mədəniyyət tədbirlərində öndə getdiyini qeyd edib. Həmçinin dünyanın fərqli ölkələrindən istedadlı musiqiçilərin iştirak etdikləri Beynəlxalq Qəbələ Musiqi Festivalının müntəzəm şəkildə keçirilməsində də Fondun dəstəyi vurğulanıb.

Ardınca məqalədə Heydər Əliyev Fondunun mədəniyyətlər arasında əməkdaşlıq və dialoq ruhunun yayılmasında fəal iştirakı sayəsində dünya mədəniyyətində, eləcə də qlobal bəşəri dəyərlər, sülh və tolerantlıqda öz izini qoyduğu əks olunub, Luvr Muzeyində İslam incəsənəti bölməsinin təsis edilməsi, Versal Sarayının parkında, Luvr Muzey Kompleksində, Berlin Şəhər Sarayında və digər  Avropa şəhərlərində qədim tarixi binaların bərpası misal çəkilib. Eyni zamanda Fondun Vatikanda qədim əlyazmaların bərpasını, eləcə də Romada Kapitolini Muzeyinin “Filosoflar zalını”nın təmirini həyata keçirdiyi qeyd edilib.

Tolerantlıq və sülh dəyərlərinin aliliyinin Heydər Əliyev Fondunun həm daxili, həm də xarici fəaliyyətində başlıca hədəflərdən olduğunu yazan Ş.Əl-Bəsil bunun nəticəsidir ki, Azərbaycanda dini tolerantlığın mövcud olduğunu, müxtəlif din mənsublarının sülh içində birgə yaşadıqlarını qabardıb, Mehriban xanım Əliyevanın qlobal səviyyədə dinlərarası dialoqa təşviq edən tədbirlər təşkil etdiyini oxucuların nəzərinə çatdırıb. “Azərbaycan – tolerantlıq diyarı” şüarı çərçivəsində Fondun bir çox məscid və kilsənin inşası və ya təmirini öz üzərinə götürdüyünü məqaləsində əks etdirib.

Bundan əlavə, Heydər Əliyev Fondunun Rusiya, Pakistan və digər ölkələrdə müxtəlif aksiyalar keçirdiyi məqalədə göstərilərək, Pakistanda peyvənd aksiyalarının, açıq ürək əməliyyatlarının həyata keçirildiyi, Göz Xəstəxanasına və Talassemiya Mərkəzinə ianələrin təqdim edildiyi, qan donorluğu aksiyalarının keçirildiyi misal çəkilib. Həmçinin Fondun Rumıniya, Haiti, Pakistan və dünyanın digər yerlərində baş vermiş təbii fəlakətlərdən əziyyət çəkən insanlara yardım əlini uzatdığı qabardılıb.

Bütün bu nəcib əməllərin Mehriban xanım Əliyevaya 2004-cü və 2006-cı illərdə müvafiq olaraq YUNESKO və İSESKO kimi nüfuzlu beynəlxalq təşkilatların xoşməramlı səfiri adını qazandırdığını önə çəkən qəzetin baş redaktoru Azərbaycanın birinci xanımının idmana olan qayğısından söhbət açıb. Belə ki, o, Mehriban xanım Əliyevanın Azərbaycan Gimnastika Federasiyasına rəhbərliyi ərzində bu idman növündə canlanma və inkişafın müşahidə edilməkdə olduğunu oxucuların nəzərinə çatdıraraq, Bakının müxtəlif mötəbər yarışlara ev sahibliyi etdiyini qeyd edib.

Bununla yanaşı, 2015-ci ildə Azərbaycanda Birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinin məhz Azərbaycanın birinci xanımının sədrlik etdiyi Birinci Avropa Oyunları üzrə Təşkilat Komitəsinin adı ilə bağlı olduğunu əsas tutan Ş.Əl-Bəsil həmin oyunların yüksək səviyyədə təşkili sayəsində Mehriban xanım Əliyevaya 2017-ci ildə Azərbaycanda keçirilməsi nəzərdə tutulan IV İslam Həmrəyliyi Oyunları üzrə Milli Komitənin sədri missiyasının həvalə edilməsinə səbəb olduğunu xüsusilə qeyd edib. Eyni zamanda Azərbaycanın birinci xanımının Avroviziya mahnı müsabiqəsi üzrə Təşkilat Komitəsinin rəhbəri olaraq, bu mötəbər Avropa musiqi yarışmasının uğurla keçirilməsini təmin etdiyi vurğulanıb.

Məqalənin yekununda qəzetin baş redaktoru çoxşaxəli və yorulmaz fəaliyyətinə yüksək dəyər olaraq, Mehriban xanım Əliyevanın Fransanın “Şərəf Legionu” ordeninə, Pakistanın ən ali dövlət ordeni olan “Hilal e Pakistan” ordeninə, Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeninə, Serbiya Dövlət Ordeninə, eləcə də Dünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin mükafatına, YUNESKO-nun “Qızıl Motsart” medalına, “Qızıl ürək” beynəlxalq mükafata layiq görüldüyünü oxucuların nəzərinə çatdırıb.

0
5