Əsgər çəkməsində siyasət qoxusu və Cerablus qələbəsi

Əsgər çəkməsində siyasət qoxusu və Cerablus qələbəsi Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birgə həyata keçirdiyi hərbi əməliyyat nəticəsində Suriyanın şimalında yerləşən Cerablus məntəqəsi İŞİD terrorçularından təmizlənib. APA TV-nin "Manşet" proqramında aparıcı İlham Tumasın qonaqları - APA TV-nin baş direktoru Vüqar Hüseynov və "Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, BDU-nun dosenti Vüqar Zifəroğlu Cerablusun azad olunmasından sonra yaranmış situasiya, bölgədə qüvvələr balansının dəyişməsi və digər məsələlər barədə fikir mübadiləsi aparıblar. Proqramda aşağıdakı tezislər səsləndirilib.   Cerablusun azad olunması uğrunda gedən əməliyyatların belə uğurlu və tez başa çatması 15 iyuldan sonra imici zədələnmiş Türkiyə Ordusuna hava-su kimi lazım idi. Türkiyə Ordusu sübut elədi ki, o, daxildə də, xaricdə terrora qarşı uğurla mübarizə aparmağa qadirdir.     Cerablus qəsəbəsinin İŞİD-dən təmizlənməsi əməliyyatına 2-ci ordu komandanı İsmayıl Mətin Təməl və Özəl Qüvvələr komandanı Zəkai Aksakallı rəhbərlik edib, əməliyyatı Baş Qərargahdan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Ümit Dündar idarə edib. Bu adları ona görə xüsusi olaraq çəkirəm ki, onlar 15 iyul hərbi çevrilişi zamanı dövlətin və prezidentin yanında olmuşdular.   Bu əməliyyatlar Suriyada güc balansını yenidən dəyişəcək və qardaş ölkənin Yaxın Şərq siyasətində ciddi dəyişikliklər etmək niyyətində olduğunun göstəricisidir. Türkiyənin uzun müddətdən sonra birbaşa müdaxilə qərarı verməsinin, heç şübhəsiz ki, ciddi səbəbləri var. Bu səbəblərdən birincisi, Türkiyəni daxildən sarsıdan terror, ikinci başlıca səbəb sərhəddə təhlükəsizliyin təminatı və Cerablusun strateji əhəmiyyətidir.   Türkiyənin sərhəddə təhlükəsiz bölgə formalaşdırmaq istəyi təbiidir. Suriyanın potensial Əfqanıstana çevrilməsi fonunda Pakistanın rolunu üzərinə götürməli olduğu perspektivi Türkiyəni qorxudur və bu baxımdan sərhəddə nəzarət bölgəsinin yaradılması birbaşa dövlət təhlükəsizliyi məsələsidir.  Cerablus 911 kilometrlik sərhəd zolağında İŞİD-in əlində qalan son məntəqə idi. “Kürd zolağı” məsələsi, eləcə də İraqda peşmərgə güclərinin Mosulu hədəf olaraq elan etmələri bu əməliyyatlı zəruri edirdi. Cerablusun YPG qüvvələrinin nəzarətinə keçməsi ilə Afrin ilə əlaqə daha rahat şəkildə yaradılmış olur. Bu isə 911 kilometrlik sərhədin YPG və PYD güclərinin nəzarətinə keçməsi deməkdir. Türkiyə buna heç bir zaman izn verə bilməz.    Türkiyə Suriya siyasətində dəyişikliklər edir. “Əsəd nə olursa olsun, getməlidir!” tezisinə köklənə sərt siyasəti, artıq yumşalmaqdadır. Mövcud şərtlər bunu diqtə edir və Türkiyəni hazırkı reallıqları nəzərə alaraq baxış müstəvisini yeniləməyə məcbur etməkdədir.    -         Türkiyə Suriya ərazisində İŞİD-ə qarşı birbaşa əməliyyatlara başlamamasını Amerikanın kürdlərə verdiyi dəstəklə əlaqələndirirdi. Rəsmi Ankaranın mövqeyi konkret idi: əgər əməliyyatlar başlayacaqsa, hədəfdə bütün terror qruplaşmaları olacaq: həm İŞİD, həm də kürd birləşmələri. ABŞ isə bu yanaşmanı paylaşmırdı.    -         ABŞ Suriyada böhran başlanan zamandan Türkiyənin daha aktiv iştirakını arzu edir, hətta bunun baş tutması üçün rəsmi Ankaraya hər cür siyasi təzyiqlər də etməkdə idi. Türkiyə isə Suriyaya girməyə tələsmir, haqlı olaraq İran və Rusiya faktorları səbəbi ilə bunun nəticələrinin ağır olacağını bilirdi. Lakin hazırda şərtlər dəyişməkdədir.   -         Mümkündür ki, Azad Suriya Ordusu nəzarət altına alınan bölgədə yerləşdirildikdən sonra Türkiyənin uzun müddətdir ki, özü üçün prioritet elan etdiyi tampon bölgəni bu vasitə ilə formalaşdıra bilsin. Ümumiyyətlə, Suriyada marağı olan güclərin hər biri öz bölgəsində hakim olur, amma başqasının da nəzarətində olan bölgəyə müdaxilə edə bilməz.

0
14