Mehriban Əliyeva xərçəng xəstəliyi ilə bağlı sessiyada - FOTO

Mehriban Əliyeva xərçəng xəstəliyi ilə bağlı sessiyada - FOTO

Azərbaycanın birinci xanımı sessiyada çıxış etdi.

Aprelin 14-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII Sammiti çərçivəsində “Xərçəng xəstəliyi ilə mübarizədə birinci xanımların liderliyi” mövzusunda sessiya keçirilib.

Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sessiyada iştirak edib.

Türkiyənin birinci xanımı Əminə Ərdoğan Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı qarşıladı.

Sessiya müqəddəs “Qurani-Kərim”dən ayənin oxunması ilə başladı.

Sessiyanı açan Türkiyənin birinci xanımı Əminə Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən XIII Sammitinin əhəmiyyətini vurğuladı və bu Zirvə görüşündə İslam ölkələrinin birinci xanımlarını görməkdən məmnun olduğunu dedi. Əminə Ərdoğan müsəlman cəmiyyətlərini maraqlandıran ortaq problemlərin mövcudluğunu bildirdi.

Türkiyənin birinci xanımı İslamın terrorla eyniləşdirilməsindən təəssüfləndiyini bildirərək, islamofobiyanın müsəlmanlara qarşı yönəlmiş təhlükəli addım olduğunu diqqətə çatdırıb. “İslam aləminin və insanlığın rifahı bizim səylərimizdən asılıdır”, - deyən Əminə Ərdoğan onu da vurğuladı ki, İslam dünyası malik olduğu potensialın fərqinə varmalı, müsəlmanlar öz dəyərlərini qorumaq üçün birləşməlidirlər.

Türkiyənin birinci xanımı “Xərçəng xəstəliyi ilə mübarizədə birinci xanımların liderliyi” mövzusunda sessiyanın keçirilməsinin əhəmiyyətindən danışdı, bu xəstəliklə mübarizənin bütün dünya üçün önəmli məsələ olduğunu bildirdi. Xərçəng xəstəliyinin qarşısının alınması və müalicəsinin mümkünlüyünü deyən Əminə Ərdoğan bu sahədə həyata keçiriləcək ilk tədbir kimi məlumat bankının yaradılması təşəbbüsünü irəli sürdü.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sessiyada çıxış etdi.

0
44