SOCAR qaz anbarlarının tutumunu artıracaq

SOCAR qaz anbarlarının tutumunu artıracaq

Azərbaycanda yeraltı qaz anbarlarının tutumunun artırılaraq 5 mlrd. kubmetrə çatdırılması üçün Dövlət Neft Şirkəti (SOCAR) “Azneft” İstehsalat Birliyinin (İB) Qaz anbarlarının istismarı İdarəsi tərəfindən strateji inkişaf planının hazırlanması qərara alınıb.

Oxu.Az SOCAR-a istinadən xəbər verir ki, bu barədə İdarədə 2016-cı ilin 7 ayı ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş texniki müşavirədə qərar verilib.İdarə rəisi Rövşən Qarayev bu il ərzində görülmüş işlər barəsində hesabat verib, hazırda qış mövsümü üçün ehtiyat qazın anbarlara vurulmasının uğurla davam etdiyini bildirib.

Qeyd olunub ki, avqustun 22-dək “Qaradağ” və “Qalmaz” yeraltı qaz anbarlarına 1,555 mlrd. kubmetr qaz vurulub, mövsümün sonuna kimi aktiv qazın miqdarının 3,2 mlrd. kubmetrə çatdırılması nəzərdə tutulur. Hazırda keçən mövsümdən qalıq qazla birlikdə anbarlarda aktiv qazın miqdarı 2,5 mlrd. kubmetr təşkil edir. İl ərzində 2 yeni quyu qazmadan istismara daxil edilib və 26 quyuda əsaslı və cari təmir işləri aparılıb. Müşavirədə yeraltı qaz anbarlarının tutumunun artırılaraq 5 mlrd. kubmetrə çatdırılması üçün Qaz anbarlarının istismarı İdarəsi tərəfindən strateji inkişaf planının hazırlanması qərara alınıb. Strateji plana əsasən, yeni quyuların qazılması, qazılacaq quyular üçün sahələrin müəyyən olunması, yerüstü avadanlıqların yenidən qurulması və mövcud infrastrukturunun təkmilləşdirilməsi vacib hesab edilmiş, bu məqsədlə mühüm yenidənqurma və genişləndirmə işlərinin aparılacağı qeyd olunub.

Müşavirədə "Azneft" İB-nin baş direktoru Daşqın İskəndərov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkənin təbii qaza olan tələbatının davamlı təminatı və ixrac imkanlarının genişləndirilməsi məqsədi ilə yeraltı qaz anbarlarının aktiv tutumunun artırılmasına dair qoyulmuş vəzifələrin yüksək keyfiyyətlə yerinə yetirilməsi məqsədi ilə son illər yeraltı qaz anbarlarının yenidən qurulması, genişləndirilməsi istiqamətində əldə olunmuş nailiyyətlərdən danışıb, qabaqcıl texnologiyaların tətbiqi nəticəsində qazanılan uğurlardan söz açıb.

D.İskəndərov Qaz anbarlarının istismarı İdarəsində görülən işlərin, ölkənin qaz təsərrüfatının yaxşılaşdırılması, qaz-nəql infrastrukturunun genişləndirilməsi sahəsində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

Z.C

0
8