“Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək

“Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək

15-24 sentyabr tarixində “Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək. “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində reallaşacaq festival Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə baş tutacaq.

Bu barədə Oxu.Az-a Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

II Şəki Beynəlxalq Teatr Festivalına Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna və Birləşmiş Ərəb Əmirliklərindən teatrların qatılacağı gözlənilir.

I Şəki Beynəlxalq Teatr Festivalı 2014-cü ilin sentyabrında gerçəkləşib. Budəfəki festivalda Azərbaycanın 5 teatrı - Dövlət Akademik Milli Dram Teatrı, Dövlət Rus Dram Teatrı, Dövlət Kukla Teatrı, Şəki Dövlət Dram Teatrı və Gəncə Dövlət Dram Teatrı, həmçinin, Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna və Birləşmiş Ərəb Əmirliklərinin (Dubay) teatrları iştirak edəcək.

Festivalın bəzi tamaşaları Bakıda və Mingəçevirdə nümayiş olunacaq.

Festival çərçivəsində Azərbaycan peşəkar milli teatrının 144-cü mövsümünün açılışı keçiriləcək. Mərasimdə Şəki Dövlət Dram Teatrının foyesində səyyar sənət sərgisi nümayiş olunacaq.

0
15