Türk əsgəri, Cerablus düyünü, "kürd qurşağı" - MANŞET

Türk əsgəri, Cerablus düyünü, "kürd qurşağı" - MANŞET Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında yerləşən Cerablus şəhərini İŞİD terrorçularından təmizləmək üçün əməliyyata başlayıb. APA TV-nin "Manşet" proqramında aparıcı İlham Tumasın qonaqları APA TV-nin baş direktoru Vüqar Hüseynov və "APA Holding"in birinci vitse-prezidenti Şahin Cəfərli olub. Qonaqlar əməliyyatın keçirilməsinə yaranan zərurət, mümkün nəticələr, bölgədə qüvvələr balansının dəyişməsi və digər məsələlər barədə fikir mübadiləsi aparıblar. Proqramda aşağıdakı tezislər səsləndirilib.     - Cerablus əməliyyatı Türkiyə sərhədləri boyunca "kürd qurşağının" yaranmasına imkan verməyəcək. Azad Suriya Ordusu Cerablusu İŞİD-dən azad edə bilsə, Suriyanın şimalı, yəni PYD-nin nəzarətində olan ərazilərlə Arfin arasında eni 40 kilometrdən çox olan bir hissə qalacaq. Mğvcud ssenariyə görə, Cerablusdan sonra Arfin də PYD qüvvələrindən geri alınmalı və ərazidə təhlükəsiz bölgə yaradılmalıdır. Bu bölgədə təhlükəsizlik Türkiyə tərəfindən təmin olunacaq və buraya 2 milyona yaxın suriyalı qaçqın yerləşdiriləcək. İkinci bir ssenariyə görə, Türkiyə Cerablus və Arfini azad etdikdən sonra İŞİD-in qeyri-rəsmi paytaxtı sayılan Rakka şəhərinə hücum hazırlanacaq. Rakkanın azad edilməsi ABŞ üçün mühüm əhəmiyyət kəsb edir, bu səbəbdən başda ABŞ olmaqla İŞİD əleyhinə beynəlxalq koalisiya Cerablus əməliyyatına dəstək verir.   - Türkiyə Cerablus əməliyyatını ABŞ-la razılaşdırmış şəkildə həyata keçirir. Əməliyyatla bağlı ABŞ-ın Avropadakı hərbi qüvvələrinin komandanı məlumatlandırılıb, hətta bu şəxs üç gün əvvəl Ankarada olan zaman əməliyyat planı onunla müzakirə olunub. Vaşinqton Türkiyənin İŞİD-ə qarşı hərbi əməliyyatlara başlamasını çoxdan istəyirdi. Lakin bu gün başlayan əməliyyat ABŞ-ın istəyi, yaxud təkidi ilə keçirilmir, burada Türkiyənin öz maraqları var. Suriya istiqamətindən terror hücumlarını əngəlləmək, ölkənin gələcəyi ilə bağlı danışıqlarda söz sahibinə çevrilmək, suriyalı qaçqınlar yükünü bir qədər azaltmaq kimi maraqlar Cerablus əməliyyatının əhəmiyyətini daha da artırır.   - Türkiyənin tanınmış köşə yazarlarından Əbdülqadir Selvi Türkiyənin Cerablusu azad etməyə hələ ötən il hazırlaşdığını, əməliyyatın başlayacağı gün Rusiya təyyarəsinin vurulduğunu,bu səbəbdən əməliyyatın təxirə salındığını yazır. Bu gün başlayan əməliyyatın təhlili göstərir ki, Selvinin iddiaları yanlışdır. Çünki Suriya ərazisinə daxil olmaq kimi önəmli əməliyyat barədə xəbərlər mediaya ən azı iki-üç gün əvvəldən sızır. Təyyarə vurulması zamanı Türkiyənin Suriya ərazisinə girəcəyinə dair hansısa hazırlıq barədə heç bir məlumat yox idi. Yazar Türkiyənin Cerablusu çoxdan azad etmək niyyətində olduğu iddiasında haqlıdır. Əməliyyatın bu qədər gecikməsinə doğrudan da Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi səbəb olub. Təyyarə insidentindən sonra Türkiyə təyyarələrinin Suriya səmasına daxil olması mümkünsüz olub, Rusiya tərəfinin bu təyyarələri vura biləcəyi ehtimalı güclənib. Hava dəstəyi olmadan Suriyada hansısa irimiqyaslı əməliyyat keçirmək faktiki mümkünsüzdür. Cerablus əməliyyatının məhz bu gün keçirilməsi Türkiyə-Rusiya münasibətlərinin normallaşmasının təzahürlərindən biridir. Artıq Türkiyə təyyarələri Suriya ərazisinə sərbəst daxil olmaq imkanı qazanıb, Cerbalus əməliyyatına havadan "F-16" qırıcılarının dəstək verdiyinə dair rəsmi məlumatlar da var.   - Cerablusun İŞİD-dən təmizlənməsi bölgədə maraqlar balansını dəyişə bilər. Türkiyənin prosesdən uduşlu çıxması iki amildən asılıdır. Birincisi, əməliyyatın sürətlə və uğurlu şəkildə başa çatdırılması, ikincisi, bölgədə maraqların son dərəcə ustalıqla balanslaşdırılması. İkinci amillə bağlı Türkiyənin ciddi çətinlikləri var. Çünki ölkənin maraqlarına qarşı əsas təhdid doğuran PYD-ni zəiflətmək çətindir, Türkiyənin marağı bu nöqtədə ABŞ və Rusiyanın maraqları ilə toqquşur.   - Türkiyənin Suriya siyasətində dəyişik olduğu göz qabağındadır. Ankara əvvəllər Əsədin qeyd-şərtsiz hakimiyyətdən getməli olduğunu deyirdisə, indi Əsədin keçid dövründə hakimiyyətdə qala biləcəyini bəyan edir. Analoji yumşalma Suriya tərəfdən də var. Rəsmi Dəməşq ilk dəfə olaraq PYD-nin PKK terror təşkilatının Suriya qanadı adlandırıb ki, bu da Türkiyənin maraqlarına uyğundur.   - Suriyanın gələcəyinin necə olacağı bəlli deyil. Türkiyə, İran və Suriya ölkənin parçalanmasını, etnik əsaslarda federasiyanın yaradılmasını istəmir. Bu məsələdə onların mövqeyi ABŞ və Rusiyanın mövqeyi ilə üst-üstə düşmür. Vaşinqton isə ən azı kürdlərə muxtariyyət verilməsində israrlıdır. Rusiyanın da  PYD-yə münasibəti müttəfiq münasibətidir. Hərbi əməliyyatlara başladığı iki il ərzində Rusiyanın PYD mövqelərinə bir dəfə olsun belə zərbələr endirməməsi bunu sübut edir.   - Suriyanın gələcəyi ilə bağlı məsələdə yekun qərar İran və İsrailin mövqeyindən asılı olacaq. Təbii ki, qonşu dövlətlərin, ərəb ölkələrinin, Qərbin və Rusiyanın da söz sahibi olacağı danılmazdır, amma yenə də İran və İsrailin mövqeyi önəmli rol oynayacaq.   - Türkiyənin Əsədə münasibətinin loyallaşması Ankaranın ərəb dövlətləri ilə münasibətlərinin pisləşməsinə gətirib çıxara bilər. Səudiyyə Ərəbistanı və Qətərlə münasibətlərin korlanması Türkiyəyə iqtisadi baxımdan zərər vura bilər, çünki türk iqtisadiyyatında ciddi bir ərəb kapitalı dolaşır, on milyardlarla dollarlıq bu kapitalın geri çəkilməsi iqtisadiyyatda təlatümlərə səbəb olar. 
0
22