Hacı Əliyev: Çox da heyfslənmirəm, hər bir medal böyük uğurdur

Hacı Əliyev: Çox da heyfslənmirəm, hər bir medal böyük uğurdur

“Bir aya yaxındır Braziliyada idik və təlim-məşq toplanışımız vardı. Tez getməyimiz oraya uyğunlaşmağımızda böyük rol oynadı. Əlimizdən gələni etdik və sevinirəm ki, 18 medal qazandıq. Ötən olimpiada ilə müqayisədə medal sayı daha çoxdur”.

Oxu.Az xəbər verir ki, bunu Report-a açıqlamasında 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bürünc medal qazanan sərbəst güləşçi Hacı Əliyev deyib.

H.Əliyev çəki salaraq 57 kq-da çıxış etməyin çətin olduğunu bildirib:

“Görüşlər çətin keçdi. Mən 61 kq-da güləşirəm. Amma olimpiadada 4 kq aşağı çəkidə güləşdim. Xeyli çəki salmışdım. Bu səbəbdən mənə çox çətin oldu. İlk dəfə idi bu qədər çəki salırdım. Çox adam heç güləşə bilməyəcəyimi düşünürdü. Gürcüstanlı idmançıya qalib gələ bilərdim, amma səhvim ucbatından uduzdum. Qızıl medal almamağımı çəki salmaqla əlaqələndirmək olar. Çox da heyfslənmirəm. Çünki olimpiadanın hər bir medalı böyük uğurdur və bizə də qismət oldu”.

Qeyd edək ki, Hacı Əliyev olimpiadada ilk olaraq cənubi koreyalı Junsik Yunu məğlub edib. 1/4 finalda gürcüstanlı Vladimir Xinceqaşviliyə məğlub olan azərbaycanlı pəhləvan rəqibi finala çıxdığı üçün bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılıb. O, ilk təsəlliverici görüşdə qazaxıstanlı Nurislam Sanayevi, ardınca bolqarıstanlı Vladimir Dubovu məğlub edərək üçüncü olub.

0
16