Damcılıda 60 ildən sonra arxeoloji tədqiqatlara başlanılıb – FOTO

Damcılıda 60 ildən sonra arxeoloji tədqiqatlara başlanılıb – FOTO

Azərbaycan ərazisində daş dövrü üzrə ilk dəfə arxeoloji tədqiqatlar 1953-cü ildə aparılıb. Həmin ilin payız ayında Rusiyadan dəvət olunmuş paleolit dövrü üzrə mütəxəssis S.N.Zamyatnin və yerli arxeoloq M.Hüseynov axtarışa çıxaraq Avey dağında Damcılı bulağı ətrafında kəşfiyyat xarakterli qazıntı işləri aparıblar. Nəticəyə gəliblər ki, burada arxeoloji dövrlər, yəni orta paleolit, yuxarı paleolit, mezeolit və neolit qalıqları qarışıq halda olub.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

2015-ci ilin yayında Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Yaponiyanın Tokio Universitetinin daş dövrü mütəxəssisi professor Yoşihiro Nişiakinin rəhbərliyi ilə böyük bir heyət Avey dağı ətəklərində kəşfiyyat xarakterli axtarış aparmaq üçün qoruq ərazisinə dəvət olunub.

Bir həftəlik kəşfiyyat xarakterli axtarışlardan sonra Avey dağında, Damcılı mağara düşərgəsinin ətrafında Damcılı mağarası da daxil olmaqla dünya əhəmiyyətli arxeoloji irsi kompleks tədqiq etmək üçün üç tərəfli beynəlxalq memorandum imzalanıb. Bu memorandum Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu (DTMQ), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən Arxeologiya və Etnoqrafiya İnstitutu, Yaponiya hökuməti tərəfindən Yaponiyanın Tokio Universiteti Universitet Muzeyi arasında bağlanılıb.

2016-cı ilin avqustunda “Avey” DTMQ -nin ərazisində yerləşən dünya əhəmiyyətli Damcılı mağara düşərgəsində arxeoloji qazıntılara başlanılıb. Kəşfiyyat xarakterli 10-a yaxın müxtəlif istiqamətlərdə qazıntı işləri aparılıb.

Yaponiyalı və yerli arxeoloqların birgə işlədiyi ərazinin 4 metr dərinliyində qazıntı işləri aparılarkən orta əsrlərə, tunc dövrünün sonuna aid daha dərində isə neolit dövrü qalıqları, ocaq yerləri, fauna nümunələri (sümüklər), təxminən yarım metr dərində lal təbəqədən aşağıda isə orta paleolit dövrlərinin son mərhələsini əks etdirən qəlpə, nüvə tullantıları və alət nümunələri əldə olunub. Damcılıda tapılan maddi-mədəniyyət nümunələrinin dövrlərinin müəyyənləşdirilməsi üçün Yaponiya laboratoriyalarına göndərilməsi nəzərdə tutulub.

Azərbaycan ərazisində bir neçə ildir tədqiqatlar aparan daş dövrü üzrə mütəxəssisləşmiş yaponiyalı professor Yoşihiro Nişiaki qoruq ərazisindən tapılan alətlərin Azərbaycanın digər ərazilərindən tapılan alətlərə nisbətən daha qədim olduğunu düşünür.

İlkin arxeoloji qazıntıların nəticəsinə əsasən demək olar ki, Damcılıda elmə yararlı kifayət qədər materiallar əldə edilib. Növbəti ilin yayında tədqiqatlar daha geniş sahədə davam etdiriləcək. Gələn ilin arxeoloji tədqiqatları zamanı Qazax rayonu ərazisində yerləşən Ali təhsil ocaqlarının tələbələrinin, qoruq əməkdaşlarının və gənc mütəxəssislərin də bu tədqiqatlara cəlb olunması nəzərdə tutulur.

A.S.

0
27