Azərbaycan Türkiyəyə qaz ixracını azaldıb

Azərbaycan Türkiyəyə qaz ixracını azaldıb

Azərbaycan 2016-cı ilin I yarısında “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” çərçivəsində Türkiyəyə 3 mlrd. 254,56 mln. kubmetr qaz ixrac edib ki, bu da 2015-ci ilin müvafiq dövrünün göstəricisindən 2,3% azdır.

Oxu.Az İnterfax-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarına Nəzarət Təşkilatının (EPDK) məlumatında deyilir.

Məlumata görə, cari ilin iyun ayında Azərbaycan Türkiyəyə 519,14 mln. kubmetr qaz ixrac edib. Hesabat ayında boru kəmərləri ilə Türkiyəyə qaz tədarükünün ümumi həcmində 18,9% Azərbaycan qazının, qalan göstəricilər isə İran və Rusiyadan qaz tədarüklərinin payına düşüb.

2015-ci ildə Türkiyəyə 6 mlrd. 168,68 mln. kubmetr Azərbaycan qazı tədarük olunub.

“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), ARDNŞ (16,7%), "LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.

“Mərhələ-1” çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstan arasında qaz satışı haqqında sazişlər bağlanıb. “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Türkiyəyə nəqli üçün uzunluğu 690 km olan Cənubi Qafqaz qaz kəməri (Azərbaycan ərazisində 442 km və Gürcüstan ərazisində 248 km) çəkilib.

0
10