Özəlləşmə hərraclarında yenilik: - Satışları canlı izləmək mümkün olacaq

Özəlləşmə hərraclarında yenilik: - Satışları canlı izləmək mümkün olacaq

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilən özəlləşdirmə prosesi zamanı dövlət əmlaklarının satışı üzrə hərraclar tamamilə şəffaf və ictimaiyyətin bütün təbəqələrinə açıq şəraitdə keçiriləcək.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, əsas yeniliklərdən biri potensial investorların, mətbuatın və ictimaiyyət nümayəndələrinin də bu hərracları canlı izləmək imkanının yaradılmasıdır: “Mərkəzdə hərracların şəffaf və rəqabətli şəraitdə keçirilməsi üçün bütün şəraitin yaradılması nəzərdə tutulur. Burada investorların iştirakı və məlumatlandırılması üçün çoxsaylı imkanlar yaradılıb. Belə ki, artıq KİV-lərin nümayəndələri və istənilən vətəndaş Mərkəzə gələrək hərracların gedişini və dövlət əmlakının satışının necə həyata keçirildiyini izləyə bilər. Bunun üçün Mərkəzdə bütün şərait yaradılacaq. Nəticədə özəlləşdirmə prosesinə maraq göstərən potensial investorlar və onların nümayəndələri prosesin necə aparıldığı ilə əyani şəkildə tanış olacaq, eləcə də ictimaiyyət və mətbuat nümayəndələri bu proses barədə təfərrüatlı məlumata malik olmağa şərait yaradılacaq”.

Komitədən bildirilib ki, hazırda yeni investisiya müsabiqələrinin elan olunması ilə bağlı hazırlıq işləri aparılır. Eləcə də, investorlar üçün onlayn məsləhət sistemi fəaliyyət göstərir. Bu sistemin vasitəsi ilə özəlləşdirmə prosesi ilə bağlı istənilən sualla Komitəyə müraciət edib qısa zamanda ətraflı məlumat ala bilirlər.

“Azərbaycan Prezidenti İlham Əliyevin “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” 19 iyul 2016-cı il tarixli fərmanına və bu sahədəki digər tapşırıqlarına uyğun olaraq yeni özəlləşdirmə prosesi başlanıb. Artıq komitə tərəfindən ilkin mərhələdə 138 dövlət əmlakının özəlləşdirilməsi barədə hərraclar elan edilib. Bu əmlakların 50-si iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlərin 30%-lik səhm paketləri, 62-si qeyri yaşayış sahələri və kiçik əmlak və obyektlər, 26-sı isə nəqliyyat vasitələridir”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, bu hərraclar 14 və 20 sentyabr 2016-cı il tarixlərində Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin (İTMİM) binasında (Bakı şəhəri, Heydər Əliyev prospekti, 139A. ) təşkil ediləcək.

Komitə geniş əhali təbəqəsini və bütün maraqlı tərəfləri yeni özəlləşdirmə prosesində aktiv iştirak etməyə dəvət edir. Həmçinin iddiaçılara əmlaka yerindəcə baxış üçün də şərait yaradılması təmin edilir.

0
11