Əli Hüseynli: Vitse-prezidentlər institutunun yaradılması bir zərurətə çevrilib

Əli Hüseynli: Vitse-prezidentlər institutunun yaradılması bir zərurətə çevrilib

“Nazirlər Kabinetinin çevik reaksiya vermək üçün həm mexanizmləri, həm də vərdişləri mövcud deyil”.

“Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunmuş əlavə və dəyişikliklər Konstitusiya islahatlarının məntiqi davamıdır”.

Oxu.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Ə.Hüseynli bildirib ki, buna qədər də belə addımlar atılıb: “Məsələ ondadır ki, Azərbaycanı digər ölkələrdən fərqləndirən həm iqtisadi baxımdan sürətli inkişafı, həm də regionda bir ölkə kimi çəkisinin sürətlə artmasıdır. Buna görə də ölkədə Konstitusiyaya yeni əlavə və dəyişikliklər edilməsi zərurəti yaranıb”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri hesab edir ki, bu kontekstdə icra hakimiyyəti institutunda həyata keçirilən institusional islahatlar daha çox əhəmiyyət kəsb edir:

“Bu, Azərbaycanda vitse-prezidentlər institutunun yaradılması ilə bağlı təklif edilən müddəalardır. Uzun müddətdir ki, cəmiyyətimiz, insanlarımız ölkə prezidentinin həyata keçirdiyi islahatlara birbaşa rəhbərlik etdiyini müşahidə edirlər. Başqa sözlə, prezidentin bu islahatları daha çox birbaşa Administrasiyası vasitəsi ilə həyata keçirdiyi də görünür.

Baxmayaraq ki, Nazirlər Kabineti mövcuddur, qərarlar qəbul edilir və o qərarlar müəyyən bir müddət çərçivəsində qəbul edilir. Amma ölkə prezidenti tərəfindən qəbul edilən qərarların sürətli icrasını müşahidə edirik. Bu, daha çox yeni institusional islahatları tələb edir. Bu baxımdan prezident tərəfindən təyin ediləcək vitse-prezidentlər institutunun yaradılması bir zərurətə çevrilir. Bu, iqtisadiyyatın bütün sahələrində müşahidə etdiyimiz bir reallıqdır”.

Ə.Hüseynli Azərbaycanda son dövrlər həyata keçirilən islahatların sürəti ilə Nazirlər Kabinetinin idarəetmə sistemi arasında böyük təzad olduğuna diqqət çəkib:

“Əlbəttə, Nazirlər Kabinetinin mövcud Konstitusiyaya və qanunvericiliyə uyğun olaraq öz səlahiyyətləri var və öz icra mexanizmləri mövcuddur. Nazirlər Kabineti kollegial orqandır. Hüquq sahəsi ilə bağlı deyə bilərəm ki, çoxlu sayda sənədin, hətta qanunvericilik aktlarının qəbulu ilə bağlı müəyyən zamana ehtiyac olur. Nazirlər Kabineti həmin sənədlərə baxır, təbii ki, kollegial orqan olduğu üçün aidiyyəti nazirliklərə göndərir. Nazirliklərdə sənədlər hazırlanır, onlara viza qoyulur, yenidən Nazirlər Kabinetinə qaytarılır. Bu proses bəzən aylarla sürən prosesə çevrilir.

Bu gün isə Azərbaycanın indiki inkişaf mərhələsi, onun regionda, dünyada tutduğu mövqe fonunda qərarların çox sürətlə, bir neçə gün, bəzən saatlarla ölçülən zaman çərçivəsində qəbulu və icraya yönəlməsi tələb olunur. Mövcud durumda Nazirlər Kabinetinin çevik reaksiya vermək üçün həm mexanizmləri, həm də vərdişləri mövcud deyil. Bu dövrdə Nazirlər Kabinetinin islahatların önündə getməsini də müşahidə etməmişik.

İqtisadiyyat və digər vacib sahələrdə bütün təşəbbüslər prezidentdən gəlir, həmin qərarların icrasının Prezident Administrasiyası vasitəsi ilə həyata keçirildiyini müşahidə edirik. Bu baxımdan Konstitusiyaya edilən əlavə və dəyişikliklər nəticəsində vitse-prezidentlər institutunun yaradılması Azərbaycan dövlətçiliyi baxımından çox əhəmiyyətli bir addımdır, çevik bir mexanizmdir. Belə demək mümkündürsə, xüsusən, hazırda prioritet olan iqtisadi sahədə ölkə prezidentinin qərarlarının dürüst, dəqiq, çevik mexanizmdir”.

Yeri gəlmişkən, Konstitusiyaya təklif olunmuş əlavə və dəyişikliklərin radikal müxalif qüvvələr tərəfindən monarxiya rejiminin yaradılması istiqamətində təşəbbüs kimi qiymətləndirilməyə çalışılması da sirr deyil.

Ə.Hüseynli bildirir ki, Konstitusiyada hakimiyyət qollarında yaş senzi ilə bağlı məhdudiyyətin götürülməsi çox mütərəqqidir:

“Birincisi, bundan əvvəlki referendumda prezidentliyə namizədlərə dair tələblərdə bir şəxsin iki dəfədən artıq seçilməsi ilə bağlı mövcud olan məhdudiyyət aradan qaldırılanda ideya ondan ibarət deyildi ki, seçilən şəxsə hər hansı şərait yaradılsın, yaxud məhdudiyyət qoyulsun.

Zamanında ideya ondan ibarət olub ki, seçən vətəndaşın geniş imkanları olsun. Çünki o zaman da prezidentliyə namizədlərə aid tələblərlə bağlı 100-cü maddə geniş diskussiyaya səbəb olmuşdu. Biz o zaman insanlara, cəmiyyətə bu fikri çatdırırdıq ki, məqsəd vətəndaşa, seçiciyə istədiyi şəxsi istədiyi qədər seçmək hüququnun verilməsidir. Bu baxımdan indi təklif olunan yaş məhdudiyyətinin aradan qaldırılması əslində əvvəlki referendumda həyata keçirilmiş konstitusion islahatın davamıdır.

Yəni, burada ideya ondan ibarətdir ki, artıq seçmək hüququ olan şəxsin həm də seçilmək hüququ olmalıdır. Əgər şəxs yetkinlik yaşında seçmək hüququ əldə edirsə, həm də seçilmək hüququ yaranmış olmalıdır. Bu baxımdan, son dövrdə Azərbaycanda həyata keçirilən Konstitusiya islahatları daha geniş imkanlar yaradılmasına xidmət edir.

Biz, ümumiyyətlə, məhdudiyyətləri aradan qaldırırıq. Zamanında iki dəfə dəfədən artıq seçilməklə bağlı məhdudiyyəti aradan qaldırmaqla bağlı ideya məhz bundan ibarət olub. Vətəndaş, seçici özü müəyyən edir ki, bir dəfə, yaxud bir neçə dəfə seçir. Bu, xalqın istəyinə, iradəsinə söykənən bir məsələdir. Bu baxımdan indi yaş məhdudiyyətinin də aradan qaldırılması konstitusional islahatların çox vacib bir mərhələsidir. Seçicilər yaşından asılı olmayaraq artıq geniş mənada seçki hüququ əldə etmiş istənilən şəxsi hakimiyyətin istənilən qolunda görmək arzusundadırsa, bunu həyata keçirə bilər. Bu baxımdan Konstitusiyanı hansısa bir tarixilik, tarixi şəxsiyyətlərin müəyyən yaş dövründəki rolları baxımından şərh etmək düzgün deyil.

Konstitusiya ilk növbədə hüquqi sənəddir, əsas ideya və məqsəd seçki hüququ ilə bağlıdır. İndi təklif olunan dəyişiklik vətəndaşın seçmək və seçilmək hüququna böyük bir hörmətdən irəli gəlir, bütün vətəndaşlar üçün daha geniş şərait yaratmış olur. Mən əminəm ki, vətəndaşlarımız hakimiyyətin bütün qollarında daha geniş təbəqələrin təmsil olunmasına səs verəcəklər. Çünki bu, vətəndaş üçün daha geniş seçki imkanları yaratmış olur”.

Komitə sədri vurğulayıb ki, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər müasir dövrdə çevik idarəetməyə hesablanıb:

“Bu, həm icra hakimiyyətin fəaliyyəti, həm də bütövlükdə Konstitusiyaya söykənərək bütün hakimiyyət qollarının əlaqəli fəaliyyəti baxımından çevik idarəetməyə dəstək verəcək bir əlavə və dəyişikliklərdir. İnkişafımızın indiki mərhələsində Konstitusiyaya ediləcək əlavə və dəyişikliklər bundan sonra Azərbaycanın gələcək inkişafı üçün yeni və çox tutarlı bir fundament rolu oynayacaq”.

0
14