Azad Rəhimov: Azərbaycanda idman növbəti inkişaf yoluna qədəm qoyub

Azad Rəhimov: Azərbaycanda idman növbəti inkişaf yoluna qədəm qoyub

“Biz legionerləri azərbaycanlı idmançılardan fərqləndirmirik”.

“Bütün idmançı və azarkeşlərə minnətdarlığımı bildirirəm. Biz hər gün burada onların diqqətini, dəstəyini hiss edirdik, çoxlu mesajlar alırdıq, Bakıdan məlumatlar gəlirdi. Bu, ilk növbədə, idmançılar üçün çox vacib dəstəkdi. Belə düşünürəm ki, məhz bu dəstək nəticəsində belə nailiyyət əldə olunub”.

Oxu.Az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov jurnalistlərin suallarını cavablardırarkən deyib.

Yay Olimpiya Oyunlarında Azərbaycan yığmasının çıxışını şərh edən Rəhimov deyib ki, idmançılarımız Azərbaycan tarixinə yeni səhifə yazıblar:

“Bu, həqiqətən də Azərbaycanda idmanın növbəti təntənəsi idi. Bu münasibətlə hamınızı ürəkdən təbrik edir, idmançılara uğurlar arzulayıram. İnanıram ki, onlar gələcəkdə də xalqımızı, azarkeşləri sevindirəcəklər. Olimpiada idman tədbirləri içərisində bir zirvədi. Bu tədbirə bütün idmançılar, cəmiyyət, idman mütəxəssisləri hazırlaşır. 4 il ərzində aparılan işlər təhlil olunur, bir proqram, layihə şəklində hazırlanır və icra olunur. Hələlik idmançılara fürsət vermək lazımdı ki, bir müddət istirahət etsinlər”.

Nazirin sözlərinə görə, Riodan qayıtdıqdan sonra komandalara bir müddət istirahət veriləcək və ardınca Tokio-2020-nin planları işlənməyə başlayacaq:

“Bir neçə ay ərzində fəal işlər aparılmayacaq. Amma sonradan hər növbəti gün Tokio Olimpiadasına hazırlaşmağa başlayacağıq. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və federasiyalar bu işə çox ciddi yanaşırlar.

Rəhimov bildirib ki, hansı növün bizdə populyar, nailiyyətlərimizin çox olduğu növlərdə rəqiblər diqqətdə saxlanılmalıdı:

“Rəqiblərimizlə sınaqçı-görüşlər təşkil etməliyik. Şəxsən mənim üçün Olimpiadalar çox vacibdi. İlboyu dünya və Avropa çempionatlarında özüm iştirak edə bilmərəm. Çünki onların sayı çoxdu. Olimpiya Oyunlarında isə hamısı göz qabağındadı. Oturub idmançılara da baxmaq olar, məşqçilərlə də ünsiyyətdə olmaq mümkündü, dünyada idman siyasətini də görə bilərik. Həm də bizim əlaqələr çox genişdi.

Şəxsən Tomas Baxla görüşümdə sevindirici məqam o oldu ki, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti “Hansı yarışlara gedirəmsə, Azərbaycan idmançılarını görürəm” dedi. Bu, onu göstərir ki, Azərbaycanda idman növbəti, davamlı inkişaf yoluna qədəm qoyub. Bu inkişaf hər bir sahədə var. Bu işlərin hamısı sırf olimpiada adı ilə bağlıdı. Ona görə də biz buradayıq”.

Nazir bildirib ki, 18 medal qazanmağımız dünyanın da diqqətindən kənar qalmayıb:

“Olimpiada bir neçə mərhələyə bölünür. İlkin mərhələ hazırlıq, idmançılarla işdi. İkinci mərhələdə idmançılar, məşqçilər nazirlik və federasiyalardan nə istəyirlərsə, həll olunur. Növbəti mərhələdə idmançıları izləyir, məsləhətlərimizi verir, dəstəkləyirik. Onlar bizi tribunalarda görəndə daha çox həvəslənirlər. Görürlər ki, dövlət də onlarla birgədi.

Olimpiadadan sonra təhlillər başlanır. Biz baxırıq ki, dünya, eləcə də mütəxəssislər, bizi izləyənlər çıxışlarımızı necə qiymətləndirirlər. Bu təhlil də, statistik rəqəmlər də bizim üçün çox vacibdi. Sözsüz ki, 18 medal Azərbaycanı xüsusi yerə qoyur. Azərbaycan dünyada idmançılarının effektivliyində birinci yerdədi. Bu, dünyaca məşhur “Telegraf” agentliyinin yaydığı məlumatdı.

Həmin məlumatda ABŞ 3-cü yerdə göstərilib. Medal sayı baxımından 207 ölkə arasında 15-ciyik. Bu da inanılmaz dərəcədə yüksək nəticədi. Avropada 7-ci, İslam ölkələri arasında 1-ci, MDB ölkələri arasında isə 2-ciyik. Bunlar çox yüksək, gözlənilməz nəticələrdi.

Biz hazırda qloballaşan dünyada yaşayırıq. Görüsünüz ki, xalqlar öz ölkələrindən, məkanlarından köçürlər. Görürsünüz ki, bu gün hansı proseslər baş verir. Biz görürük ki, Toğrul Əgsərovun rəqibi olan, İtaliyadan çıxış edən idmançı Kubadandır. ABŞ-da çıxış edən idmançı dizlərini yerə qoydu, Allaha dua elədi. Ən çox güləşdə legioner idmançıları cəlb edirlər.

Rumıniyada, Fransadakı idmançıların soyadlarından görürük ki, bunlar Dağıstandan olan idmançılardır. Ramil Quliyev Türkiyəni təmsil etdi. Ağır atlet Nicat Rəhimov Qazaxıstanda qızıl medal qazandı. Yəni, vəziyyət o qarışıqdır ki, kimsə buna önəm verir, əsas qoyursa, bu, düzgün deyil. İdmançı qərar verir ki, öz ölkəsini tərk edərək başqa bir ölkəyə köçsün. İdmanın qanunlarına görə bu idmançı 3-4 il Olimpiadada çıxış edə bilməz. Yəni, bu o deməkdir ki, 3-4 ildən artıq Azərbaycanda hazırlaşır, yaşayır, məşqlər edir, Azərbaycanın çörəyini yeyir.

Onların əksəriyyəti Azərbaycanın vətəndaşlarıdır və əksəri də öz gələcəyini burda planlaşdırırlar, görürlər. Məncə, legioner söhbəti bugünkü dünyada, idmanda gülməli söhbətdir. Siyasətə tamamilə toxunmaq istəmirəm. ABŞ-da, İngiltərə nə qədər anqlosaks idmançılar var… Onlar nə vaxt həmin ölkəyə köçüb, bu, fərq etməz. Legioner məsələsinə belə yanaşıram ki, onlar bizim idmanımız üçün vacibdir, ancaq əsas onlar deyil. Gənclər və İdman Nazirliyinin əsas məqsədi gənc idmançıları yetişdirmək, hazırlamaqdır.

Seleksiyaçılar gəlib onları tapıb aşkar etməli, yığmalara cəlb etməlidir. Bizim işimiz odur ki, kütləvilik olsun, idmançıların sayı artsın. Onlar düzgün məşq etsinlər. Biz baxmalıyıq ki, məşqçilər məşq prosesini düzgün qursunlar, idman qurğuları yüksək səviyyədə hazırlansın, qapılar açıq olsun və sonra növbəti mərhələ federasiyalardır. Onlar belə gənc idmançıları tapıb aşkara çıxarmalıdırlar, milli komanadalara cəlb etməlidirlər. Bunun nəticəsində qələbələr olacaq.

Ancaq bugünkü Azərbaycanda yaşayan legioner idmançı medal qazanırsa, bu, bütün idman növü üçün böyük inkişafdır. Bu, bizim üçün çox vacibdir. Biz o legionerləri dəstəkləyirik və onları azərbaycanlı idmançılarla heç vaxt fərlqəndirmirik. Onlar bizim vətəndaşlardır, oğullardır, qardaşlardır və biz onları dəstəkləyirik. Bağlanış mərasimində də bayrağımızı Radik İsayev daşıdı”.

0
16