Akif Çovdarov aclıq elan etdi

Akif Çovdarov aclıq elan etdi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi Akif Çovdarov 1 saylı Bakı İstintaq Təcridxanasında aclıq aksiyasına başlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə Trend-ə A.Çovdarovun vəkili Sadiq Rəsulov məlumat verib.

Vəkil bildirib ki, A.Çövdarov aksiyaya avqustun 19-dan başlayıb:

“Avqustun 22-də təcridxanada Akif Çovdarovla görüşdüm. Ayın 19-dan nə yemək yeyir, nə də dərman qəbul edir. Hazırda vəziyyəti yaxşı deyil”.

O qeyd edib ki, A.Çovdarov aclıq aksiyasına başlaması barədə Baş Prokurorluğa və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə rəsmi məlumat verib.

Xatırladaq ki, A.Çovdarov səhhəti ilə əlaqədar 1 saylı Bakı İstintaq Təcridxanasının tibb məntəqəsində həkim nəzarətində saxlanılır.

A.Çovdarov 2015-ci il noyabrın 14-də həbs olunub. 2015-ci il noyabrın 15-də Səbail rayon Məhkəməsinin qərarı ilə A.Çovdarov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu ilin fevral ayında isə A.Çovdarovun barəsində seçilmiş həbs qətimkan tədbiri 4 ay müddətinə artırılıb.

0
16