Mənzil bazarında qiymətlər qalxa bilər

Mənzil bazarında qiymətlər qalxa bilər

Nikahların sayı istifadəyə verilən mənzillərin satışından 5 dəfə çoxdur.

Rəsmi rəqəmlər Azərbaycanda mənzil tikintisinə investisiyaların, mənzillərin həm sayının, həm də sahəsinin azaldığını göstərir. Buna baxmayaraq, əhali və nikaha girənlər artır.

Oxu.Az Marja-ya istinadən xəbər verir ki, 2015-ci ildə Azərbaycanda 16,2 min ədəd mənzil istifadəyə verilmişdirsə, həmin il 68 min 773 nikah qeydə alınıb. 2010-cu ildə Azərbaycanda 79 min 172, 2011-ci ildə 88 min 145, 2012-ci ildə 79 min 65, 2013-cü ildə 86 min 852, 2014-cü ildə 84 min 912 nikah qeydə alınmışdı. Qeyd edək ki, son illər ən çox mənzil 2013-cü ildə istifadəyə verilmişdi - 21,1 min ədəd.

Ölkəmizdə son 5 ildə 490 minə yaxın nikah qeydə alınsa da, cəmi 108 min ədəd mənzil istifadəyə verilib. Göründüyü kimi mənzil bazarı “doymamış” bazardır. Böyük potensial təlabata baxmayaraq, yeni binaların tikintisinin təxirə salınması və nikaha girənlərin sayının dəfələrlə artması qarşıdakı illərdə mənzil qiymətlərinin qalxa biləcəyinə işarə edir.

Böyük ehtimalla durğunluq müvəqqəti xarakter daşıyır, hazırkı qiymətlər daha da aşağı düşə bilməz. Bazardakı qeyri-müəyyənlik ortadan qalxdıqdan sonra mənzil alışlarının artacağı və qiymətlərin yavaş-yavaş yüksəlməyə başlayacağı gözlənilir.

0
14