“Oğlumla fəxr edirəm” – Toğrul Əsgərovun anası

“Oğlumla fəxr edirəm” – Toğrul Əsgərovun anası

Braziliyada keçirilən 31-ci Yay Olimpiya Oyunlarında ölkəmizi sərbəst güləş yarışlarında təmsil edən Toğrul Əsgərov son yarış günü Azərbaycanın aktivinə daha bir medal yazdırdı. Lent.az-ın Region TV-yə istinadən məlumatına görə, güləşçinin qızıl medal uğrundakı qarşılaşması həyəcanlı anlarla yadda qalıb. Həlledici görüşdən sonra idmançının ailə üzvləri fikirlərini bölüşüb.

Toğrul Əsgərovun anası İnarə Hüseynova oğlu ilə fəxr etdiyini deyir: “Hamıya təşəkkürümü bildirirəm. Toğrul hamının adını qaldırdı. Prezidentimiz də, icra başçımız da ona dəstək oldu. Mən bir ana kimi oğlumla fəxr edirəm".

Dayısı İlkin Hüseynov Toğrulun 2012-ci ildə 19 yaşında Olimpiya çempionu olduğunu vurğulayıb: “Bu olimpiadada az qalmışdı ki, çempion olsun. Bu güləşdir, hər şey olur. Gümüş medal da böyük nailiyyətdir".

İdmançımızın şəxsi məşqçisi Elçin Zeynalov da güləşçinin ailəsi ilə bərabər finalı izləyənlər arasında yer alıb. Mütəxəssis yetirməsinin çıxışını belə dəyərləndirib: "Sevindici haldır ki, Toğrul finala vəsiqə əldə etdi. Bu gəncəliləri, Azərbaycan xalqını, prezidentimizi çox sevindirdi. Toğrul birinci yerə də çıxa bilərdi. Lakin elə oldu ki, rəqibi ondan güclü oldu. Toğrul gümüş medal qazandı".

Toğrulun olimpiadadakı uğurunu şəhər əhalisi də canlı olaraq seyr edib. İdmansevərlər güləşçinin həlledici qarşılaşmasına Gəncənin baş meydanındakı böyük monitordan baxıblar.

Xatırladaq ki, 4 il öncə Londonda Olimpiya çempionu olan gənc pəhləvan Rioda eyni uğurun bir addımlığında büdrəyib. 4 ilin ən mötəbər yarışında Azərbaycanın əsas medal ümidlərindən sayılan Toğrul Əsgərov ona olan inamı doğruldaraq Cənubi Amerikada finala qədər bütün rəqiblərinin kürəyini yerə vurub. Həlledici mərhələdə gəncəli güləşçinin rəqibi rusiyalı idmançı Soslan Ramonov olub. Bu görüşdə isə Əsgərov 11:0 hesabı ilə məğlub olaraq yarışı gümüş medalla tamamlayıb.

0
8