Özbəkistanda Qarabağ geyimləri nümayiş etdirilib – FOTO

Özbəkistanda Qarabağ geyimləri nümayiş etdirilib – FOTO

Özbəkistanın “Qonaqpərvərlik və İnformasiya xidməti” Qeyri-Hökumət Təşkilatı qardaş ölkənin müstəqilliyinin 25 illiyinə həsr edilmiş “Moda sərgisi” keçirib.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a bildirilib ki, sərgi çərçivəsində Kibray şəhər mərkəzi klubunun həyətində “Ənənəvi Özbək incəsənəti, əl işləri” nümayiş etdirilib, milli təamlar qonaqlara təqdim edilib.

Tədbirdə Özbəkistanda mədəniyyət sahəsində tanınmış şəxsləri, bu ölkədə fəaliyyət göstərən xarici ölkələrin mədəniyyət mərkəzləri, Kibray şəhərinin nümayəndələri, jurnalistlər iştirak ediblər.

Azərbaycanı tədbirdə Daşkənddəki Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi təmsil edib. Azərbaycan Mədəniyyət Mərkəzinin geyim kolleksiyasına aid olan “Qarabağ geyimləri” sərgidə maraqla qarşılanıb.

Azərbaycan xalq mahnısı “Sarı gəlin”in sədaları altında nümayiş olunan Qarabağ geyimlərini Daşkənddəki “Zarqaynar libaslar evi”nin modelyerləri təqdim ediblər.

Kolleksiyada əsasən Qarabağın XVII-XIX əsrlərə aid bir sıra mərasim, toy libasları, şənlik geyimləri, Qarabağın zadəgan xanımlarının geyimləri, qadın və kişi libasları sərgilənib.

İştirakçılara Qarabağ bölgəsində Azərbaycan xalqının yaratdığı milli mədəniyyət nümunələri haqqında məlumat verilib.

Tədbir çərçivəsində qonaqlar Azərbaycan milli şirniyyatlarına qonaq ediliblər.

Təşkilat Komitəsi tərəfindən Azərbaycan tərəfi yüksək mükafata layiq görülüb.

A.S.

0
10