“MAKS” prezidenti: Müştərək istehsal hərbi təyyarə də ola bilər

“MAKS” prezidenti: Müştərək istehsal hərbi təyyarə də ola bilər

“Rusiya ilə birgə təyyarə hazırlanması Azərbaycan üçün tamamilə yeni başlanğıc olacaq”.

Maqomed Talboyev rusiyalı mütəxəssislərlə birgə Azərbaycanda mümkün təyyarə tikintisi məsələsini şərh edərkən deyib.

“Buna qədər Rusiya təyyarələri bir qayda olaraq, Rusiya ərazisində hazırlanıb və əgər Azərbaycanla birgə təyyarə inşası barədə razılıq əldə olunubsa, bu, ölkəniz üçün tamamilə yeni başlanğıcdır”, - deyə M.Talboyev bildirib.

“MAKS” prezidentinin sözlərinə görə, müştərək istehsal hərbi təyyarə də ola bilər, çünki son vaxtlar hər iki ölkənin yüksək səviyyəli rəsmilərinin görüşləri intensivləşib. Bununla belə, o, söhbətin daha çox mülki aviasiya və xüsusi uçuş vasitələrindən getdiyini güman edir.

M.Talboyev aerokosmik sənayenin Azərbaycan üçün yeni sahə olduğunu söyləyib:

“Bildiyim qədərilə Azərbaycanda yalnız pilotsuz uçan aparatlar istehsal olunur. Ona görə də baş tutacağı halda bu sahə yenilik olacaq”.

“Hazırda özəl, kiçikölçülü təyyarələr üçün tələbat artır. Belə təyyarələr Rusiyada bir neçə təcrübəli konstruktor bürolar tərəfindən hazırlanır. O cümlədən Nijni Novqorod aviatikinti zavodu ilə əməkdaşlıq mümkündür. Xüsusi aviatexnikaya gəlincə, G.M.Beriyev adına Taqanroq Aviasiya Elmi-Texniki Kompleksini qeyd etmək olar. Bu zavodda perspektivli amfibiya-təyyarələr istehsal olunur. Bir neçə il əvvəl Azərbaycan Fövqəladə Hallar Nazirliyi bu təyyarələrdən birini almışdı. Yaxşı və lazımi texnikadır”, - deyə “MAKS” prezidenti bildirib.

O, Rusiyanın aviasiya sənayesində demək olar istənilən layihəni həyata keçirmək üçün böyük gücünün olduğunu vurğulayıb. “Bütün bunları görmək üçün mütləq Azərbaycanın səlahiyyətli şəxsləri gəlməlidir”, - deyə M.Talboyev qeyd edib.

Onun sözlərinə görə, aviakosmik aparatların tikintisi baxımından hələ də Azərbaycanda sovetlər dövründən nələrin qaldığı məlum deyil.

“Əvvəllər Azərbaycanda müxtəlif konstruktor büroları var idi. İndi isə onların fəaliyyəti barədə heç bir informasiya yoxdur”, - deyə salonun prezidenti bildirib. O, Azərbaycanın böyük aviakosmik salonlarda, o cümlədən "MAKS"da olmamasının ölkədə bu sahənin inkişafını əngəllədiyini dilə gətirib.

0
13