İmişli rayon Təhsil Şöbəsi artıq xərclərə yol verib

İmişli rayon Təhsil Şöbəsi artıq xərclərə yol verib

Azərbaycan Hesablama Palatasının kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsinin yerli xərclərindən 2013-2015-ci illərdə və 2016-cı ilin 1-ci rübündə İmişli rayon Təhsil Şöbəsinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri Hesabatı müzakirə edərək təsdiq edib.

Palatadan Oxu.Az-a verilən məlumata görə, audit ümumilikdə 28714,8 min manat məbləğində vəsaiti əhatə edib, ayrılmış vəsaitlərin icra səviyyəsi 92,4%-95,8% təşkil edib.

2015-2016-cı dərs ili üçün Şöbənin strukturu 62 ümumtəhsil məktəbi üzrə ümumilikdə 15322 şagird kontingenti və 915 sinif komplekti təsdiq edilib, ümumtəhsil məktəblərində 1596 nəfər müəllim çalışmış, şagirdlər üzrə orta sıxlıq 16,7, o cümlədən I-IV siniflər üzrə 18,0 nəfər, V-IX siniflər üzrə 15,9 nəfər, X-XI siniflər üzrə 16,2 nəfər təşkil edib.

Auditin əhatə etdiyi son tam dərs ilində (2014-2015-ci il) rayonun ümumtəhsil müəssisələrini 1229 şagird bitirib, onlardan 1133 nəfəri buraxılış imtahanında iştirak edib, rayon məzunlarının buraxılış imtahanında topladıqları orta bal respublika üzrə orta göstəricidən aşağı olub.

2015-2016-cı dərs ilində rayonun ümumtəhsil məktəblərində vakant olan 125 yer üçün (1581 saat dərs yükü) kadr sifarişi verilib. Vakant yerlər üzrə ən çox tələbat əsasən informatika, kimya, fizika, azərbaycan dili və ədəbiyyatı müəllimlərinə olub. Təhsilin keyfiyyət göstəricilərinin təhlili nəticəsində attestat alanların yalnız 40,9%-nin qəbul imtahanlarında iştirak etmək üçün müraciət etdiyi, onlardan 46,2%-nin tələbə adını qazandığı, rayon abituriyentlərinin ana dili, ədəbiyyat, riyaziyyat, kimya, biologiya, tarix, coğrafiya və ingilis dili fənləri üzrə göstəricilərinin respublikanın orta göstəricilərindən aşağı olduğu müəyyən edilib. Qəbul imtahanlarında 56 məktəbin məzunu iştirak etsə də, 3 məktəb üzrə ali təhsil müəssisəsinə heç kim qəbul ola bilməyib, 1 məktəb üzrə ümumiyyətlə qəbul üçün sənəd verən olmayıb, 1 məktəb üzrə qəbul imtahanlarında iştirak edən abituriyentlərin sayı məzunların 10%-dən az olub, 3 məktəb üzrə abituriyentlərin topladığı orta bal 100-dən aşağı olub.

Əməyin ödənilməsi ilə bağlı fəaliyyətin araşdırılması nəticəsində müəyyən olunub ki, lazımı avadanlıqlarla təchiz edilmədiyi halda tədris kabinetinə rəhbərliyə görə, kompüterlərə xidmət üçün laborant ştatlarının fəaliyyət göstərməsinə baxmayaraq informatika fənnini tədris edən müəllimlərə kompüterlərə xidmət üçün, normadan artıq saxlanılmış tədris kabinetinə rəhbərliyə görə, şagirdlərin sayı normadan az olan siniflərin yarımqruplara bölünməsi və dərslərin normadan artıq tarifləşdirilməsi səbəbindən Şöbə tərəfindən artıq əməkhaqqı ödənilib.

Audit prosesində əvəz edilməmiş, lakin əvəz edilməsi rəsmiləşdirilmiş dərs saatlarına görə, həmçinin əvəzetmə zamanı əvəz edən müəllimlərə düzgün olmayaraq dərnək, uşaq birliyi təşkilatı, sinif və kabinet rəhbərlikləri üzrə vəzifələrin əvəz olunmasına görə də əlavə haqq müəyyənləşdirilərək ödənildiyi müəyyən olunub.

Az kontingentli ibtidai siniflərin komplektləşdirilməsinin düzgün aparılmaması və siniflər üzrə şagirdlərin say həddinin gözlənilməməsi nəticəsində artıq və paralel siniflər yaradılıb, nəticədə artıq büdcə vəsaiti icra edilib.

Şöbə tərəfindən məzuniyyət günləri ilə üst-üstə düşən bayram günlərinin məzuniyyətin təqvim günlərinə daxil edilməsi və artıq hesablanmış iş günləri üçün əmək haqqı ödənilməsi, gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi ilə bağlı müvafiq qərarla təsdiq edilmiş müddətlərin gözlənilməməsi səbəbindən artıq əməkhaqqı və kompensasiya ödənilməsi hallarına yol verilib.

Nazirlər Kabinetinin “Ümumi icbari təhsil fondu haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 1998-ci il tarixli 79 nömrəli Qərarına 29 mart 2010-cu il tarixli, 53 nomrəli Qərarı ilə edilmiş dəyişikliklərlə ümumi icbari təhsil fondunun dayandırılmasına baxmayaraq, auditlə əhatə olunan dövrdə Şöbə tərəfindən 3 halda məktəbli geyim formaları və 3 halda isə idman geyim formaları alınması, həmçinin Şöbənin balansında olan təhsil müəssisələrində istifadə olunan əməkhaqqı cədvəlləri və tabel formalarının təhsil müəssisələrinin özləri tərəfindən hazırlanmasına baxmayaraq, bu materialların alınması üçün vəsait ödənilməsi səbəbindən səmərəsiz xərcə yol verilib.

Bir sıra hallarda vəsaitin satınalma metodlarından istifadə edilmədən xərcləndiyi, alınan malların faktiki alış qiymətlərinin yekun protokolda təsdiq edilimiş qiymətdən yüksək olması, həmçinin malların (işlərin və xidmətlərin) alış qiymətinin orta bazar qiymətlərindən əhəmiyyətli dərəcədə fərqlənməsi nəticəsində artıq xərcə yol verildiyi müəyyən olunub.

Əsaslı təmir işlərinin ehtimal olunan dəyərinin düzgünlüyü müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməyib, əvəzsiz qaydada verilmiş mallar uçota alınmayıb, istismara verilən 2 məktəb binası balansa götürülsə də, təhvil-təslim aktı ilə məktəblərə verilmiş inventar və avadanlıqlar balansa götürülməyib, əsaslı təmir xərci, cari təmir xərcinin müəyyən edilmiş həddən artıq olan məbləği binaların balans dəyərinə əlavə olunmayıb, bir neçə halda məktəb binalarına artıq amortizasiya hesablanaraq binaların balans dəyəri azaldılıb.

2015-ci ildə kreditor borcun məbləği 19,7 dəfə artaraq 132,7 min manat olub, həmin məbləğin 98,6%-ni əməyin ödənişi ilə bağlı yaranmış borclar təşkil edib.

Hesablama Palatasının kollegiyası İmişli rayon Təhsil Şöbəsi tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində ləğv edilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti İmişli rayon Təhsil Şöbəsinə göndərilib.

Auditin nəticələri barədə Milli Məclisə və aidiyyəti üzrə Təhsil Nazirliyinə məlumat verilib.

0
43