Hikmət Hacıyev erməni yalanı ilə bağlı dünya gənclərinə üz tutdu

Hikmət Hacıyev erməni yalanı ilə bağlı dünya gənclərinə üz tutdu

“İşğal olunmuş Azərbaycan ərazilərində yaradılmış qondarma rejim işğal, təcavüz və qanlı etnik təmizləmənin nəticəsi olaraq, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü uğursuz şəkildə pərdələməyə xidmət edir”.

Oxu.Az-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.

O, Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində 15-18 sentyabr tarixlərində “Dağlıq Qarabağın 25 illiyi və nailiyyətlər” adlı tədbirin keçirilməsinin planlaşdırıldığından xəbərdar olduqlarını bildirib:

“Dünya ictimaiyyətinə yaxşı məlumdur ki, Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, gücdən istifadə etməklə suveren Azərbaycan ərazilərini işğal edib və həmin ərazilərdə azərbaycanlılara qarşı qanlı etnik təmizləmə törədib. Qanlı etnik təmizləməyə, ən ağır hərbi cinayətlərə məruz qalaraq 25 ildən artıq qaçqın və məcburi köçkün vəziyyətində yaşamağa məcbur olan bir milyondan artıq azərbaycanlının faciəsi və humanitar fəlakəti üzərində qurulmuş qeyri-qanuni rejimi “Dağlıq Qarabağın 25 illiyi və nailiyyətlər” kimi təqdim etmək və bu prosesə digər ölkələrdən olan gəncləri cəlb etməyə cəhd etmək nəinki beynəlxalq hüquqa, hətta ən adi insani dəyərlərə hörmətsizlik və beynəlxalq ictimaiyyəti aldatmaqdan başqa bir şey deyil. Ermənistanın qondarma rejimin “25 illiyi” adı altında bəzi başqa tədbirlərin də keçirməsi nəzərdə tutulur”.

XİN-in mətbuat katibi digər ölkələrdən olan gəncləri və mütəxəssisləri Ermənistanın bu yalançı çağırışlarına uymamağa, qanlı etnik təmizləmə və işğalın nəticəsində yaradılmış qondarma rejimin təbliğində alətə çevrilməməyə çağırıb:

“Ölkəmizin diplomatik nümayəndəlikləri akkreditə olunduğu ölkələrin aidiyyəti qurumlarını Ermənistanın bu yalançı niyyətləri barədə məlumatlandırır və zəruri tədbirlər görür. Erməni lobbi dairələrinin bilavasitə təsiri altında olan bəzi şəxslərin maddi mənfəət müqabilində bu konfransa və digər bu qəbildən olan tədbirə qatılması istisna deyil. Lakin hər kəs bilməlidir ki, işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz səfər “Dövlət sərhədi haqqında” və “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanunun pozulması halı olaraq, hüquqi məsuliyyət ehtiva edir. Bu kimi səfəri həyata keçirən şəxslərin adları girişi Azərbaycan ərazisinə qadağan edilən arzuolunmaz şəxslər siyahısına daxil edilir”.

Hikmət Hacıyev əlavə edib ki, Azərbaycandakı gənclər təşkilatlarının da bu kimi təxribatçı tədbirlərin qarşısının alınmasında vacib rolu var:

“Fürsətdən istifadə edərək, ölkəmizin gənclər təşkilatlarını həmişə olduğu kimi bu məsələdə də fəallıq göstərməyə çağırırıq. Onları digər ölkələrdən olan tərəf müqabillərini işğal olunmuş ərazilərimizdə keçiriləcək bu təxribatçı konfransın çirkin niyyətləri barədə məlumatlandırmağa, əcnəbi gəncləri Ermənistanın yalan üzərində qurulan təbliğat maşınının aləti olmaqdan çəkindirmək istiqamətində səylər göstərməyə və bu məqsədlə sosial medianın imkanlarından fəal surətdə istifadə etməyə səsləyirik”.

0
5