Xəzər İntellektual Gənclər Klubu 15 yaşını qeyd edir

Xəzər İntellektual Gənclər Klubu 15 yaşını qeyd edir

Təşkilat bir qrup tələbə tərəfindən yaradılıb.

Ölkənin ən böyük gənclər təşkilatlarından biri olan Xəzər İntellektual Gənclər Klubu yaranmasının 15 yaşını qeyd edir. 

Oxu.Az xəbər verir ki, Azərbaycanda anadilli intellektual oyunlar hərəkatının yaradıcısı olan təşkilat 2001-ci ildə Bakı Dövlət Universitetinin bir qrup tələbəsi tərəfindən yaradılıb. 

Yarandığı vaxtdan kütləvi intellektual oyunlar təşkil edən Xəzər İntellektual Gənclər Klubu çox keçmədən universitet klubu statusunu şəhər, daha sonra isə ölkə miqyaslı təşkilata dəyişdi. Məhz “Xəzər” adı ölkəmizdə Azərbaycan dilində intellektual oyunlara sinonim oldu. Klub fəaliyyətini genişləndirməklə Bakı və regionlarda yeni klubların yaranmasına səbəb oldu. Bir çox yeni klublar məhz “Xəzər” fəalları tərəfindən yaradıldı və bu gün də fəaliyyətdədir. 

Xəzər İntellektual Gənclər Klubunda müxtəlif liqalar fəaliyyət göstərir. Klub Azərbaycanda təşkil olunan ən mötəbər çempionat və turnirlərin təşkilatçısıdır. Hər il təşkil olunan Çağırış Kuboku, Ağıl Oyunları Festivalı, məktəblilər və tələbələr üçün turnirlərlə yanaşı, intellektual oyunlar hərəkatının ən vacib hadisələri olan Azərbaycan çempionatları və kubokları Xəzər İntellektual Gənclər Klubunun visit kartıdır. 

Klub üzvləri Azərbaycanda intellektual gənc obrazının formalaşması və inkişafında önəmli rol oynayıblar. Xəzər İntellektual Gənclər Klubunun üzvləri olan gənclər ölkənin ictimai həyatında vacib rol oynayır, çalışdıqları sahələrdə liderlərdir. Təşkilatda yetişməkdə olan gənc nəsil yaxın gələcəkdə ölkənin intellektual potensialını təşkil edir. 

Xəzər İntellektual Gənclər Klubu ölkənin qabaqcıl şirkətləri və təşkilatları ilə Azərbaycanın insan kapitalının inkişafında, gənclərin asudə vaxtlarının səmərli təşkili istiqamətində əməkdaşlıq edir.  

“Xəzər” 2016-cı il ərzində 15 illik yubiley tədbirləri çərçivəsində bir çox turnirlər planlaşdırır. Yubiley tədbirlərinə may-iyun aylarında baş tutaq IV Ağıl Oyunları Festivalı ilə start verilməsi planlaşdırılır. 

0
24