Azərbaycanda “Oxu Günü” keçiriləcək

Azərbaycanda “Oxu Günü” keçiriləcək

Tanınmış yazıçılarla görüş, imza mərasimləri və fleşmob təşkil ediləcək.

Azərbaycanda kütləvi “Oxu Günü” keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, mütaliəyə diqqətin artırılmasını məqsədi daşıyan “Oxu Günü-2” ədəbiyyata marağı olan hər kəs üçün nəzərdə tutulub.

Layihənin hədəfi yeniyetmə və gənclərin oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliəyə marağının artırılması, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır. “Oxu Günü” layihəsi bu il Bakı şəhərində reallaşacaq.

Layihənin ideya müəllifi f.ü.f.d., dosent Şəmil Sadiqdir. “Oxu Günü-2” layihəsi Azərbaycan Respublikası Təhsli Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Nəsimi Rayon İcra Hakimiyyəti və Hədəf Nəşrlərinin təşkilatçılığı ilə həyata keçiriləcək.

Layihə ötən il olduğu kimi bu il də “Gəlin birgə oxuyaq!” şüarı ilə təşkil olunacaq. “Oxu Günü”ndə ölkəmizdə fəaliyyət göstərən müxtəlif nəşriyyatlar, kitab və ədəbiyyat klubları iştirak edəcək.

Layihə zamanı tanınmış yazıçılarla görüş, imza mərasimləri və fleşmob təşkil ediləcək. Həmçinin layihə çərçivəsində Türkiyənin tanınmış yazıçılarından olan Ahmet Haldun Terzioğlunun oxucuları görüşü və imza mərasimi olacaqdır.

Tədbir müddətində fəal oxucularla müəlliflərin, tanınmış insanların bir-birinə qarşılıqlı kitab hədiyyə etməsi layihənin əsas məqsədlərindən biridir.

Qeyd edək ki, “Oxu Günü-2” kitab aksiyası 23 aprel, saat 12:00-da Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Zorge” parkında keçiriləcək.

0
14