Mirvarid Dilbazinin anadan olmasından 104 il ötür

Mirvarid Dilbazinin anadan olmasından 104 il ötür

Bu gün Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin doğum günüdür.

Oxu.Az xəbər verir ki, o, 1912-ci ildə Qazax rayonunun Xanlıqlar (indiki Musaköy) kəndində anadan olub.

Azərabycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində təhsil alıb. Universiteti bitirdikdən sonra Quba Partiya Məktəbinə ədəbiyyat müəllimi təyin olunub. İki ildən sonra Bakıya qayıdan Mirvarid xanım Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar fondunda şöbə müdiri (1934-1938), Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi (1938-1940) vəzifələrində çalışıb.

“Qadınların hüriyyəti” adlı ilk şeri 1927-ci ildə “Oktyabr alovları” adlı məcmuədə dərc edilib. Bu dərgidə, o cümlədən şairin keçən əsrin 20-ci illərinin axırlarında yazılmış, Azərbaycan qadınlarının yeni həyat yollarını tərənnüm edən “Zəhra”, “Qurtuluş”, “Qadın” kimi şerləri dərc olunmuşdur.

Böyük Vətən müharibəsi illərində bir çox sənətkarlarımızda olduğu kimi, M.Dilbazi yaradıcılığında da vətəni müdafiə mövzusu əsas yer tutub. Bu illərdə şairənin yeddi kitabı çap olunub ki, bunların altısı Vətən müharibəsinə həsr edilib. “Məhsəti” (1945), “Əlcəzairli qız” (1961), “Partizan Aliyə” (1972) poemalarının müəllifidir.

M.Dilbazinin 70-80-cı illərdə “Bənövşələr üşüyəndə” (1970), “Ana qanadı” (1972),“Dağ çiçəyi” (1977), “Yasəmən fəsil”, “Seçilmiş şeirlər” (1979) şeir kitabları və nəhayət, 3 cilddə “Seçilmiş əsərləri” (1982-84) çap olunmuş, ona Azərbaycanın Xalq şairi fəxri adını qazandırmışdır.

Bəstəkarlardan Süleyman Ələsgərov, Tofiq Quliyev, Fikrət Əmirov, Şəfiqə Axundova, Ağabacı Rzayeva və başqaları şairənin sözlərinə mahnılar, romans və oratoriyalar bəstələyiblər.

O, Nizami Gəncəvi, Xaqani Şirvani, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, N.Tixonov, Samuil Marşak, Sergey Mixalkov və başqa şairlərin əsərlərini, Evripidin “İppolit” faciəsini tərcümə edib. Əsərləri xarici dillərə tərcümə olunub.

Mirvarid Dilbazi 2001-ci il iyulun 12-də vəfat edib.

A.S.

0
23