“Kor Elçin” ləqəbli narkobaron tutuldu – FOTO

“Kor Elçin” ləqəbli narkobaron tutuldu – FOTO

Balakən polisi kriminal aləmdə “Kor Elçin” ləqəbi ilə tanınan narkobaron, 35 yaşlı Elçin Alvasovu həbs edib.

Oxu.Az xəbər verir ki, Balakən rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, RPŞ-nin axtarış-əməliyyat qrupunu əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq istintaqa təhvil verilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib.

RPŞ-ə daxil olmuş məlumat əsasında uzun müddət cinayət məsuliyyətindən yayına bilən, rayonun Qazma kənd sakini, 1981-ci il təvəllüdlü Elçin Mehdi oğlu Alvasovun yaşadığı evdə və evin həyətyanı sahəsində əməliyyat-axtarış tədbiri keçirilib.

Tədbir zamanı Elçin Alvasovun yaşadığı evdən bir ədəd xaricdə istehsal olmuş barabanlı tapança və ona məxsus üç ədəd patron, salafan torbada çəkisi 1 kq 150 qram olan qurudulmuş marixuana, dörd ədəd 12 çaplı ov tüfənginə aid patronlar olan qatar, müxtəlif məqsədlər üçün istifadə edilən gecəgörmə cihazları, müxtəlif ölçülü kameralar, müxtəlif markalı mobil telefon və mobil telefon nömrələri, iki ədəd müxtəlif markalı noutbuk və digər aksessuarlar maddi sübut kimi götürülüb.

Tədbirlərin davamı olaraq Elçin Alvasovun yaşadığı evin həyətinə baxış zamanı müxtəlif banklar tərəfindən axtarışda olan “Lexus”, “BMW”, “Mercedes” və “VAZ 21015” markalı avtomaşınlar və bir neçə digər avtomaşınlara aid dövlət nömrə nişanları aşkar edilərək maddi sübut kimi götürülüb. Elçin Alvasov polis əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb edilib.

RPŞ-dən verilən məlumatda o da qeyd olunub ki, E. Alvasov uzun illər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olub. O, qonşu Gürcüstan və Rusiya ərazilərində də bu fəaliyyəti ilə tanınıb.

Faktla bağlı araşdırma aparılır.

0
197