Güləşçimizin "bürünc" şansı davam edir

Güləşçimizin "bürünc" şansı davam edir

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında qadın güləşçilərin yarışı başa çatacaq. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması son 3 dəst medal uğrunda mübarizədə 1 idmançı ilə təmsil olunur.

Avropa çempionumuz Nataliya Sinişin özünü doğrultmağa çalışır. Anjela Doroqanın əvəzinə Olimpiadaya yollanan milliləşdirilmiş legionerimiz özü üçün doğma olan 58 kq çəki dərəcəsində deyil, 53 kq-da gücünü yoxlayır.

Bakı-2015-in bürünc mükafatçısı olan ukraynalı Rioda 1/8 final mərhələsində debüt edib. O, dünya güləşinin əfsanəsi Saori Yoşida üz-üzə gəlib. 3 qat Olimpiya və 13 qat dünya çempionu olan yaponiyalı ilə qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb. Asiyalı görüşü 3:0 hesabı ilə xeyrinə bitirib.

Yoşida finala yüksəldiyinə görə, Sinişin təsəlliverici görüşlərə qatılacaq. O, bu görüşlərin ikinci raundunda seneqallı İzabelle Sambu ilə üz-üzə gələcək. Nataliya qalib gələcəyi halda bürünc medal uğrunda mübarizə aparacaq. Qarşılaşma saat 23:05-də start götürəcək.

Qeyd edək ki, qadınlardan ibarət güləş yığmamızın 2 üzvü artıq Olimpiadada çıxışını başa vurub. 48 kq çəki dərəcəsində mübarizə aparan Mariya Stadnik gümüş medal qazansa da, 58 kq çəkidəki təmsilçimiz Yuliya Ratkeviç 5-ci yerlə kifayətlənib.

0
15