Rəsmi Moskva Bakıda RF vətəndaşının saxlanılmasına münasibət bildirdi

Rəsmi Moskva Bakıda RF vətəndaşının saxlanılmasına münasibət bildirdi

Rusiya Xarici İşlər Nazirliyi Rusiya vətəndaşı Marat Ueldanovun Bakıda həbs olunmasına milli kontekstdə baxmır.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Ermənistan mətbuatını təmsil edən jurnalistin sualını cavablandırarkən bildirib.

M.Zaxarova erməni jurnalisti məsələ ətrafında spekulyasiya etməməyə çağırıb:

“Rusiyanın dövlət orqanları öz vətəndaşına hansısa milli kontekstdə yanaşa bilməz. Bu mümkün deyil, spekulyasiya etməyin, özünüzü bilməməzliyə qoymayın. Bir daha təkrar edirəm ki, bizim üçün Rusiya vətəndaşları milliyyətinə görə bölünmür. Sizin ölkənizdə bunun necə olduğunu bilmirəm, amma bizdə belədir”.

M.Zaxarova qeyd edib ki, iyulun 28-də Rusiya Azərbaycandakı səfirliyi Azərbaycanın müvafiq orqanları tərəfindən Rusiya vətəndaşı Marat Ueldanovun həbsi ilə bağlı məlumatlandırılıb.

“Ona qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Digər maddələrlə ittiham irəli sürülməyib. Məsələ Rusiya dövlət orqanlarının diqqətindədir. Rusiya səfirliyinin əməkdaşları vətəndaş Ueldanovla görüşüblər. Onun hansısa şikayəti olmayıb. Sizi əmin edə bilərəm ki, səfirliyimiz əlindən gələni edir ki, Rusiya vətəndaşının hüquqları qorunsun, onun vəkili ilə daim əlaqədədir. Biz bu məsələ ilə məşğul oluruq. Təkcə bu yox, xarici ölkələrdə həbs olunan bütün vətəndaşlarımız diqqətimizdədir”.

Qeyd edək ki, iyulun 28-də Bakıda Rusiya vətəndaşı Marat Ueldanov saxlanılıb. Ona qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Bundan sonra erməni mətbuatı və Rusiyadakı ermənipərəst KİV-lər M. Ueldanovun bacısı Marianna Mirzoyana istinadən məlumat yayıblar ki, güya M. Ueldanov Bakıda erməni olduğuna görə saxlanılıb. Bacısının dediyinə görə, Marat həyat yoldaşının soyadını götürüb:

“Onun əsl soyadı Qalustyan olub. Bakıda guya o, erməni olduğuna və Ermənistana casusluq etdiyinə görə həbs edilib”.

0
13