Valentin Demyanenko: Yarışlara tam hazır idim

Valentin Demyanenko: Yarışlara tam hazır idim

“Təəssüratlarım böyükdür. Yarış gərgin keçdi, bütün rəqiblər çox güclü idi. Belə alındı ki, ikinci yeri qazandım”.

Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın Oxu.Az-a verdiyi məlumata görə, bunu “Rio-2016”-da gümüş medal qazanmış kanoeçimiz Valentin Demyanenko deyib.

İdmançımız qızıl medal qazanmaq niyyətində olduğunu bildirib:

“Hər idmançı kimi mən də qızıl medal qazanmaq istəyirdim. Yarışlara tam hazır idim”.

V.Demyanenko gümüş medalı əla nəticə hesab etmir:

“Gümüş medal mənim üçün əla nəticə deyil. Həyatımın çox hissəsini bu idmanla məşğul olmuşam. Hesab edirəm ki, daha çox çalışmalı, səylərimizi daha da artırmalıyıq”.

Qeyd edək ki, Braziliyanın Rio-de-Janeyro şəhərində Yay Olimpiya Oyunlarının 13-cü günündə kanoeçimiz Valentin Demyanenko 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə final yürüşünə qatılıb. Təmsilçimiz finiş xəttinə 39,49 saniyəyə ikinci çataraq gümüş medal qazanıb.

0
11