Azərbaycanda qida zəhərlənmələrini yaradan təhlükələr

Azərbaycanda qida zəhərlənmələrini yaradan təhlükələr

Qidadan zəhərlənmə ilə bağlı hadisələr yay mövsümü ilə əlaqədar tez-tez baş verir. Hər hansı qida - pomidor, qarpız və digər meyvə-tərəvəzlər, hətta konservləşdirilmiş məhsullardan zəhərlənmə hallarına bu mövsümdə mütəmadi rast gəlinir.

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, məhsulun saxlanma şəraiti, becərilməsində istifadə olunan kimyəvi məhsulların təsirindən bu hadisələrin baş verməsi mümkündür.

Avqust ayının 1-də Tovuz rayonunda qidadan zəhərlənmə hadisəsi baş verib. Rayonun Azaflı kəndində 12 nəfər təzə kəsilmiş qoyun ətindən zəhərlənib. Musayevlər ailəsi kəsdiyi qurbanın ətindən qonşulara da paylayıb. Ətdən kim yeyibsə, zəhərlənib. Nəticədə Musayevlər ailəsinin 4 üzvü ilə yanaşı, 12 sakin də bu hadisədə zəhərlənmə ilə xəstəxanaya müraciət edib.

Analoji hadisə ötən il Bakı şəhərində də qeydə alınıb. Paytaxtın Nizami rayonu ərazisində fəaliyyət göstərən “8-ci kilometr” bazardan alınmış qoyun ətindən yedikdən sonra zəhərlənmə hadisəsi baş vermişdi. Həmin hadisə ilə bağlı Kliniki Tibbi Mərkəzə müraciət edən bir ailənin 5 üzvü ətdən zəhərləndiklərini bildirmişdilər.

Qeyd edək ki, satışa çıxarılan iri və xırdabuynuzlu heyvanlar, ətləri laborator müayinədən keçirilməlidir. Kəsilmək üçün nəzərdə tutulan və satışa çıxarılan heyvanın ərazi baytarlıq xidməti tərəfindən laborator müayinəsi aparılmalıdır. Bu heyvanlar tam müayinə olunduqdan sonra satışına və kəsilməsinə icazə verilməlidir. Baytarlıq xidmətinin laborator müayinəsi və sağlamlıq möhürü olmadan heyvanı satan və kəsən şəxslər məsuliyyət daşıyırlar.

Kəslimək üçün satışa çıxarılan heyvan baytarlıq nəzarətindən keçsə belə, onun dərhal kəsilməsi qanunsuzdur. Yəni, heyvan baytar müayinəsindən keçəndən sonra onun kəsilməsi üçün uyğun şəraitli yer müəyyən edilməli və həmin yerə də Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları baxış keçirməli və ərazinin temperaturu, təmizlik səviyyəsi yoxlanılmalıdır. Yalnız bu qurumun qaydalarına və müəyyən edilmiş standartlarına cavab verən ərazidə heyvanın kəsilməsinə razılıq verilməlidir. Heyvan həm bu qurumun, həm də baytarlıq xidmətinin əməkdaşlarının iştirakı ilə kəsilməlidir.

Təəssüf ki, bəzi ət kəsimi məntəqələrində bu qaydalara əməl edilmir. Satılan heyvanlar, həmçinin bazarlarda satılan ətlərin əksər hissəsi baytarlıq laboratoriyasından keçirilmədən satılır. Satılan ətin sağlam heyvana məxsus olduğu, hansı şəraitdə kəsilib təmizlənərək satışa çıxarıldığı məlum deyil.

Tovuz rayonunun Azaflı kənd sakini qurbanlıq heyvanı bazardan alıb. Bazarda satılan ət məhsullarının keyfiyyətinə Tovuz rayon Baytarlıq Xidmətinin nümayəndəsi və Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən nəzarət edilir.

0
16